Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bakı Ali Neft Məktəbində olub. Bu barədə Lent. az-a ali neft məktəbindən məlumat verilib.
Ali Məktəbin tələbələrinin professor-müəllim heyətinin, idarəetmə qurumlarının işçilərinin və AMEA-nın Neft-kimya Prosesləri İnstitutunun əməkdaşlarının iştirakı ilə akt zalında keçirilən görüşdə qonağı salamlayan rektor Elmar Qasımov bu görüşün ölkə ictimaiyyətinin bu günlərdə geniş surətdə qeyd etdiyi əlamətdar bir tarixə - Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 21-ci ildönümünə təsadüf etməsini xüsusilə qeyd edib. Rektor daha sonra Azərbaycan prezidenti İlham Əliyevin elmin və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini, Bakı Ali Neft Məktəbinin yaranmasının bunun əyani təzahürü olduğunu vurğulayıb.
A. Əlizadə 2 ildə ölkə ictimaiyyəti arasında nüfuz qazanmış və ali təhsil müəssisələrinin reytinq cədvəlində mütləq lider olan müasir tipli Ali Məktəbin kollektivi ilə görüşdən məmnun olduğunu söyləyib.
Akademik Akif Əlizadə Bakı Ali Neft Məktəbi ilə AMEA-nın 2 institutu və ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitutu arasında bağlanacaq razılaşmaların həm təhsilin məzmununa, həm də elmi-tədqiqat işlərinin nəticələrinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib.
Daha sonra Elmar Qasımov, Vaqif Abbasov, Rasim Əliquliyev və ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov rəhbərlik etdikləri qurumlar arasında əməkdaşlıq haqqında razılaşmalar imzalayıblar.
Tədbirin sonunda akademik Akif Əlizadəyə Bakı Ali Neft Məktəbinin “Fəxri qonağı” diplomu təqdim edilib.