Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti AMEA sistemində daxili əmək intizamını təmin etmək məqsədilə “AMEA-da daxili intizam Qaydaları”nı təsdiq edib. Bu barədə Lent.az-a Akademiyanın İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib. Qaydalar AMEA-nın Nizamnaməsi və əmək qanunvericiliyinin tələblərinə uyğun hazırlanıb.
Qaydalarda iş vaxtı, nahar və digər istirahət fasilələrinin başlandığı və qurtardığı saatlar; əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş işçilərin mükafatlandırılması; əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri; işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar; intizam tənbehinin verilməsi qaydaları; intizam tənbehi vermək səlahiyyəti olan vəzifəli şəxs; intizam tənbehinin verilməsi şərtləri və tənbehin vaxtından əvvəl götürülməsi; bayram günləri, səsvermə günü və ümumxalq hüzn günü kimi məsələlər öz əksini tapıb.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatında, tabeliyində fəaliyyət göstərən elmi müəssisə və digər təşkilatlarda əmək və icra intizamı bu Qaydalarla tənzimlənəcək.