Elmi Müəssisələrinin Direktorları Şurası yaradıldı, Gənc Alim və Mütəxəssislər Şurasının yaradılmasına qərar verildi
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilib.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, AMEA-nın prezidenti Akif Əlizadə “Yerin daxili strukturlarının və dinamikasının təkamülündə deformasiya proseslərinin rolu” adlı məruzənin əhəmiyyətindən danışıb.
Əldə olunmuş nəzəri nəticələr Rəyasət Heyəti tərəfindən əhəmiyyətli hesab olunub və Geologiya İnstitutunda Yerin təkamülünün müasir modellərinin yaradılması istiqamətində elmi tədqiqatların genişləndirilməsi tövsiyə edilib. AMEA-nın vitse-prezidenti İbrahim Quliyev isə çıxışında AMEA-da elmi müəssisələrin direktorlarından ibarət şuranın təsis edilməsi zərurətindən danışıb.
Müzakirəyə təqdim olunan növbəti məsələ AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası barədə olub. Akif Əlizadə nəzərə çatdırıb ki, son zamanlar AMEA-da həyata keçirilən islahatlar həmçinin gənclərin intellektual potensialının inkişafı, onların daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb edilməsi siyasətinə xidmət edir.
AMEA-nın akademik-katibi Rasim Əliquliyev AMEA-nın müəssisə və təşkilatlarında Gənc Alim və Mütəxəssislər şuralarının təsis olunmasını vacib sayıb. Məsələ Rəyasət Heyəti tərəfindən bəyənilib və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının yaradılması tövsiyə olunub.
Daha sonra, Rasim Əliquliyev iclas iştirakçılarını “AMEA Rəyasət Heyəti Mərkəzi aparatında və tabeliyində olan elmi müəssisə və təşkilatlarda kargüzarlıq fəaliyyətinin təşkilinə dair Təlimat” ilə tanış edib. Bildirib ki, sənəd Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli fərmanı ilə təsdiq edilmiş, dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələri üçün nəzərdə tutulmuş müvafiq təlimatın tələblərindən irəli gəlir. Rəyasət Heyətinin Mərkəzi aparatında və onun tabeliyində olan qurumlarda kargüzarlıq sahəsində mövcud nöqsanların aradan qaldırılması, işin daha da təkmilləşdirilməsi, vahid sistem və formaya uyğunlaşdırılması üçün vahid normaları özündə cəmləşdirən belə bir sənədə zərurət çoxdan yaranıb. Təlimat Rəyasət Heyəti tərəfindən qəbul olunub.
AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullanın çıxışı əsasında “M.F.Axundzadə Ensiklopediyası”nın hazırlanmasına dair redaksiya heyətinin tərkibi təsdiqlənib. Eyni zamanda Milli Azərbaycan Tarixi Muzeyi, Ədəbiyyat və Folklor institutlarının elmi şuralarının tərkibində qismən dəyişiklik edilib. AMEA-da aparılan islahatların davamı olaraq Dilçilik İnstitutunun yeni strukturu müəyyən olunub, Ədəbiyyat İnstitutunda Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi yaradılıb. AMEA-nın müxbir üzvü Arif Məlikovun anadan olmasının 80, AMEA-nın müxbir üzvü Teymur Kərimlinin isə 60 illik yubileyləri ilə əlaqədar bəzi tədbirlərin keçirilməsi barədə qərar qəbul edilib.