Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ilk prezidenti, tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, tibb elmləri doktoru, akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyi keçirilib. Lent.az-ın məlumatına görə, tədbir AMEA, Səhiyyə və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, akademik Mirəsədulla Mirqasımov şəxsiyyəti, elmi, elmi-təşkilati, pedaqoji və tibbi-nəzəri istiqamətləri özündə birləşdirən çoxşaxəli fəaliyyət göstərib. AMEA prezidentinin sözlərinə görə, M. Mirqasımov XX əsrin birinci yarısında Azərbaycan elmi-ictimai düşüncəsinin təşəkkülündə və inkişafında mühüm rol oynayıb: “1945-ci ildə İkinci Dünya Müharibəsi bitməmiş ölkədə elmi proseslərin daha mütəşəkkil təşkili, tarix, mədəniyyət və təbiətin daha sistemli öyrənilməsi məqsədilə Azərbaycan Elmlər Akademiyası (AEA) təsis edilir və akademiklərin ilk yığıncağında tibb sahəsində zəngin elmi-təcrübəsi ilə fərqlənən akademik M. Mirqasımov AEA-nın ilk prezidenti seçilir”.
A. Əlizadə onu qeyd edib ki, M. Mirqasımovun 130 illik yubileyinin keçirilməsi barədə dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən, tədbirlər planının hazırlanması, akademikin vaxtilə yaşadığı binadakı xatirə lövhəsinin yenilənməsi, alimin həyat və yaradıcılığı haqqında kinofilmin çəkilməsi barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb.
Səhiyyə naziri Oqtay Şirəliyev isə vurğulayıb ki, M.Mirqasımov Azərbaycanda uroloji xəstəliklər üzrə doktorluq dissertasiya müdafiə etmiş ilk milli mütəxəssis kimi səhiyyə tarixində layiqli yer tutub: “Hələ 30-cu illərdə görkəmli alim öz tələbələri ilə birlikdə Azərbaycanda urolitiazın meydana gəlməsi və yayılması, malyariya xəstəliyinin fəsadları, cərrahi müalicəsi və səhiyyədə digər problemlərin həlli ilə ciddi məşğul olub. Bakıdakı küçələrdən biri, eləcə də Respublika Klinik Xəstəxanası akademik Mirqasımovun adını daşıyır. Bu da ona verilən qiymətdir”.
Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, M.Mirqasımov Bakı Dövlət Universitetində tibb elminin tədrisinə cəlb olunmuş ilk milli kadrlardan biridir. 1930-cu ildə yenicə təşkil olunmuş Tibb İnstitutunda dərslərin rus dili ilə yanaşı, Azərbaycan dilində də tədrisinin qərara alındığını deyən nazir o dövrdə milli dərsliklərə ciddi ehtiyacın yarandığını xatırlayıb. M. Cabbarov qeyd edib ki, Mirəsədulla Mirqasımov ömrünün 35 ilini universitet mühitinə həsr edən, şərəfli həyat yolu keçən dəyərli alimlərdən biri olub.
Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov M. Mirqasımovun həyat yoluna nəzər salıb: “M. Mirqasımov Azərbaycanda ilk əməkdar elm xadimi olub. O, Azərbaycanda ilk dəfə cərrahi uroloji kurs yaradıb, ilk cərrahi-uroloji kafedranın müdiri olub. Mirqasımov Tibb Universitetində ilk dəfə olaraq, patoloji anatomiya muzeyini yaradıb. Həmin muzey bu gün də fəaliyyət göstərir. M.Mirqasımov ilk “Ümumi cərrahiyyə” dərsliyinin müəllifi o olub. O, bu dərsliyə ömrünün 20 ilini həsr edib. Bu gün də həmin o dərslik cərrahlarımız üçün çox dəyərlidir”.
Ə. Əmiraslanov deyib ki, 0, 30-dan çox elmlər namizədi yetişdirib. Bu isə onun yaşadığı dövr üçün o qədər də asan olmayıb. Alimin sözlərinə görə, ilk təhsilini mədrəsədə alan M.Mirqasımov 3 il Odessanın müxtəlif klinikalarında cərrahiyyənin bu və ya digər sahələri üzrə təcrübə keçib: “Bu gün ədalətli olsaq deyə bilərik ki, Azərbaycanda cərrahiyyənin əsasını Mustafa Topçubaşov və Mirəsədulla Mirqasımov qoyub”.
Ə. Əmiraslanov deyib ki, M. Mirqasımov Tibb Universitetində çalışan zaman onun klinikalarının yaradılması barədə çox düşünüb. Ancaq çox təəssüf ki. buna nail olmayıb: “Ancaq onun ideyaları bu gün həyata keçirilib. Tibb Universitetinin klinikalarının yaradılması ideyasının ona məxsus olduğunu deyə bilərik”.