Almaniyada yaşayan azərbaycanlı Rüstəm İsmayıl bu gündən Strasburqda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) binası qarşısında aclıq aksiyasına başlayıb.
APA-nın Avropa müxbirinin məlumatına görə, R. İsmayıl Almaniya hökumətinə qarşı olan iddialarına AİHM-də baxılmadığına görə bu addımı atdığını bildirib: “10 ildir, şikayət ərizələrimə heç bir cavab verilmir. Avropa Məhkəməsi əvvəllər mənim işimin Almaniya məhkəməsində bütün instansiyalardan keçmədiyini əsas göstərsə də, hazırda mən Almaniyada bütün lazımi məhkəmə instansiyalardan keçmişəm, iddiam artıq Avropa Məhkəməsindədir. Lakin onlardan cavab gəlmir”.
Qeyd edək ki, Almaniyada daimi yaşayış hüququ olan Rüstəm İsmayıl 1970-ci ildə Göyçay rayonunda anadan olub. 1998-ci ildə Almaniyaya turist kimi gedib. O, QİÇS, infarkt, vərəm, depressiya, xroniki prostat, ikinci dərəcəli refleksiya, xroniki Hepatit A, ikinci dərəcəli sifilis, babasil daxil olmaqla, 16 xəstəliklərdən əziyyət çəkdiyini bildirir. R. İsmayıl 1998-ci ildə turist kimi gəldiyi Almaniyada Azərbaycan vətəndaşlığına aid sənədlərini itirdiyini, ağır sətəlcəm xəstəsi olmasına baxmayaraq, Almaniya qanunlarına uyğun tibbi yardım edilmədən, qış aylarında qanunsuz olaraq küçəyə atıldığını, 1999-cu ildə polislər tərəfindən vəhşicəsinə döyüldüyünü iddia edir. O, Almaniya məhkəmələrinin 5 il ərzində həkimə müraciət etməsinə belə qadağa qoyduğunu deyib.
R. İsmayılın məhkəmələrdən təcili olaraq Avropanın başqa ölkəsinə yerləşdirilməsini və müalicəsinə başlanmasını istəyib. O, maddi və mənəvi zərərin əvəzi olaraq 50 000 000 avro dəyərində təzminat tələb edib.
Xatırladaq ki, R. İsmayıl 2009-cu ilin may ayında AİHM-nin həyətində üstünə benzin töküb yandırmaqla və zəhərli həb içməklə iki dəfə intihara cəhd göstərib. Lakin yanğınsöndürən və həkimlərin səyi nəticəsində onun özünə qəsd etməsinin qarşısı alınıb.