Nazirlər Kabineti "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"də dəyişiklik edilməsi barədə qərar verib. Lent.az-ın məlumatına görə, qərar "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" prezidentin sərəncamının icrasını təmin etmək məqsədi ilə verilib.
Qərara əsasən, orta ixtisas məktəblərinə daxil olmuş, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
“Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarında dəyişiklik edilməsi haqqında da qərar qəbul edib.
Qərara əsasən, ali təhsilin bakalavr pilləsinə qəbul olunmuş, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər də dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
ANAR MƏCİDZADƏ