Təhsil nazirinin müavini Ceyhun Bayramov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşları qəbul edib. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, təhsil sənədlərinin tanınması, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, sağlamlıq imkanları məhdud uşaqların təhsilinin davam etdirilməsi, təhsil müəssisələrində çalışmanın yaş həddi, işə bərpa olunma, ali məktəblərdəki problemlər, təhsil haqqı, köçürmələr, təhsil formasının dəyişdirilməsi və digər məsələlərlə əlaqədar müraciət ediblər.
151 vətəndaşın müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.