“Gənc alimlərin elmdə inkişafı, müxtəlif sosial, mənzil, məişət problemləri daima akademiyanı düşündürür. Akademiyanın gənclərə ehtiyacı çoxdur”. Lent.az-ın məlumatına görə, , bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, gənc alimlərin məvaciblərinin artırılması hazırda çox da vacib deyil: “Elm özü qazanmalıdır. Alimlər, ələxsus gənc alimlər inkişaf etmək üçün fondların keçirdiyi qrant və layihələrdə iştirak etsinlər və oradan məvaciblərini artırsınlar”.
AMEA prezidenti deyib ki, hazırda Azərbaycanda oğlanların elmə marağı azdır. Dövlət tərəfindən oğlanların bu sahəyə marağını artırmaq üçün tədbirlər görülməlidir.
A. Əlizadə bildirib ki, bu gün ölkədə gənc alimlərə böyük ehtiyac var: “Elmə daha çox qadınlar gəlir. Amma elmi ekspedisiyalara getmək, uca dağların zirvələrini fəth etmək onlar üçün çətin olur. Oğlanlar isə bu istiqamətdə daha böyük işlər görə bilərlər. Oğlanları uzaq ezamiyyətlərə, təcrübəyə göndərmək mümkündür. Qızları da göndərmək olar, ancaq bu zaman müəyyən problemlər, ailə məsələləri və digərləri ortaya çıxır. Düşünürəm ki, bu problem AMEA qarşısında duran əsas problemlərdən biridir”.