Akademik Xoşbəxt Yusifzadənin 85 yaşı tamam olur
14 yanvar 2015 12:44 (UTC +04:00)

Akademik Xoşbəxt Yusifzadənin 85 yaşı tamam olur

0

Yanvarın 14-də görkəmli alim, neftçi-geoloq, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 85 yaşı tamam olur. AMEA-dan Lent.az-a verilən məlumata görə, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ-nin əməkdar neftçisi, “Şərəf” və “Şöhrət” ordenli X. Yusifzadə 1930-cu ildə Bakının Pirşağı kəndində anadan olub. Məktəbi bitirəndən sonra o, M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olub.

 

Əmək fəaliyyətinə SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı “Dövlətxüsusineftlayihə” kontorunda başlamış, az sonra “Dənizneft” Birliyində işə qəbul edilmiş, burada böyük mühəndis və bölmə rəisi vəzifələrində çalışmışdır. 1954-cü ilin mart ayında “Gürganneft” trestinin (indiki “Neft Daşları”) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilib.

 

1992-1994-cü illərdə “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifələrində çalışmışdır. 2004-cü ildən ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentidir.

 

2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf edilmiş və istismara daxil edilmişdir. 1988-ci ildən xarici şirkətlərlə birgə aparılan işlərdə, o cümlədən “Azəri-Çıraq - Günəşli” (dənizin dərin hissəsi) yataqlarının işlənilməsində, “Əşrəfi”, “Qarabağ”, “Şahdəniz”, “Abşeron” yataqlarının, eləcə də 2010-cu ildə ARDNŞ-ın “Ümid” yatağının kəşf edilməsində əvəzsiz rolu olub.

 

X. Yusifzadə Azərbaycanda və Xəzər dənizində neft və qazçıxarmanın inkişafına verdiyi böyük töhfələrə görə bir sıra yüksək dövlət mükafatları və fəxri adlara layiq görülmüşdür. O, 2000-ci ildə ”İstiqlal”, 2004-cü ildə “Şöhrət”, 2010-cu ildə isə “Şərəf” ordenləri ilə təltif olunub.

 

Neft hasilatında nanotexnologiyaların inkişaf etdirilməsi və tətbiqi sahəsində xidmətlərinə görə 2010-cu ildə akademik X. Yusifzadə ARDNŞ-nin bir qrup mütəxəssisi ilə birlikdə YUNESKO-nun xüsusi medalı ilə təltif olunmuş, adı bu beynəlxalq təşkilatın ensiklopediyasına daxil edilib.

 

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının qərarı ilə türk dünyasının elmi, təhsili və iqtisadiyyatı sahəsində böyük xidmətlərinə görə alim 2008-ci ildə bu akademiyanın beynəlxalq “Qızıl Ulduz Medalı” ilə təltif edilmiş, “İlin alimi” elan olunub, 2011-ci ildə isə “Türk Dünyasının Fəxri Alimi” adına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar