Müəllif Hüquqları Agentliyi Türkiyənin “Sabah” qəzetində musiqisi Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyova, sözləri Əhməd Cavada məxsus “Çırpınırdı Qara dəniz” mahnısının guya erməni şairi Sayat Novaya aid olması barədə verilmiş məlumatla əlaqədar bəyanat yayıb.
Müəllif Hüquqları Agentliyindən APA-ya verilən xəbərə görə, bəyanatda bildirilir ki, Sayat Novanın şeir-mahnılarının 70%-ə qədəri Türk-Azərbaycan dilində yaradılıb və yayılıb. Bununla belə, Sayat Novanın yaradıcılığı ilə bağlı aparılan təhlil göstərir ki, erməni yaradıcısının əsərlərinin siyahısında “Çırpınırdı Qara dəniz” adlı şeirə rast gəlmək mümkün deyil: “Bundan başqa, 1982-ci ildə “Sovetskiy pisatel” nəşriyyatının Leninqrad bölməsində nəşr olunmuş “Sayat Nova. Şeirlər” kitabında Sayat Novanın bu adda və ya oxşar məzmunda şeiri yoxdur. Mətbuatda olan məlumata əsasən, Sayat Novanın yazdığı “Kamança” şeiri guya onun sevimli aləti olan kamançaya həsr edilmiş, eyni zamanda kamança “erməni musiqi aləti” kimi təqdim edilib. Sayat Novanın “Kamança” şeiri Valeriy Bryusov tərəfindən rus dilinə tərcümə olunub. Lakin bu şeirin sözləri Əhməd Cavadın yazdığı “Çırpınırdı Qara dəniz” mahnısının sözlərindən tamamilə fərqlidir. O ki, qaldı kamançaya, ermənilər tarın və kamançanın azərbaycanlılara məxsus olduğunu dəfələrlə etiraf ediblər”.
Bəyanatda həmçinin qeyd olunub ki, “Çırpınırdı Qara dəniz” şeiri 1914-cü ildə Əhməd Cavad tərəfindən Gəncə şəhərində yazılıb və onun 20-ci illərə qədər çıxmış kitablarına daxil edilib, 1918-ci ildə isə Üzeyir Hacıbəyov bu şeirə musiqi bəstələyib və həmin mahnı bir çox tədbirlərdə ifa edilib. Bildirilib ki, Ü.Hacıbəyovun Әhmәd Cavadın sözlәrinә bәstәlәdiyi və Türkiyәdә çox mәşhur olan bu mahnı müəlliflərin pantürkçülükdə ittiham oluna biləcəyi səbəbinə görə, 1920-ci ildən 1991-ci ilə qədər Sovet ideologiyasının hökm sürdüyü dövrdə Azәrbaycanda sәslәndirilmәyib: “Azərbaycan müstəqillik əldə etdikdən sonra bu möhtəşəm mahnı ictimaiyyәt qarşısında 1993-cü il martın 10-da Bakıda Respublika sarayında Әhmәd Cavadın anadan olmasının 100 illik yubiley gecәsindә sәslәndirilib, qısa müddətdə geniş yayılıb və bütün Türk dünyasının sevimli mahnısına çevrilib. Bununla yanaşı, bir çox nəşriyyatlarda, o cümlədən “Azərbaycan” nəşriyyatı, “Musiqi dünyası” jurnalı, həmçinin elektron ensiklopediyalarda bu mahnının məhz Ü. Hacıbəyov tərəfindən yazıldığı göstərilib. Hazırda müəlliflərin müstəsna müəlliflik hüquqlarının qorunma müddəti bitdiyi üçün, həmin mahnı və şeir ictimai varidat dairəsindədir və onun böyük əhəmiyyəti nəzərə alınaraq, ictimai varidatdan dövlət varidatına keçirilib və hazırda dövlət tərəfindən qorunur. Bununla belə, müəlliflərin şəxsi (qeyri-əmlak) hüquqlarının qorunması müddətsizdir. Odur ki, sözügedən əsərin hər hansı formada mənimsənilməsi, özgəsinin adına çıxarılması müəllif-hüquq pozuntusu olaraq, plagiata çevrilir”.
Qeyd olunub ki, Türkiyə və Azərbaycan tərəfindən “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının və “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında” Sazişin tələblərinin yerinə yetirilməsi ilə bağlı bu cür hallar yolverilməzdir və istisna edilir. Buna görə də Əhməd Cavad və Üzeyir Hacıbəyovun “Çırpınırdı Qara dəniz” mahnısının erməniləşdirilməsi, habelə Sayat Novanın “Kamança” şeiri ilə eyniləşdirilməsi cəhdlərinin qarşısı beynəlxalq qanunvericiliyə uyğun olaraq alınacaq”.