Ağdamda 1 Mart - Beynəlxalq Mülki Müdafiə günü münasibətilə regional tədbir keçirilib.
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi və Mülki Müdafiə Qoşunlarının Ağdam Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin şəxsi heyətinin iştirakı ilə hər iki qurumun texnika və ləvazimatlarının sərgisi də təşkil olunub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdamın ən böyük təhsil ocaqlarından biri olan Çullu kənd orta məktəbində keçirilən mərasimdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının və ictimaiyyət nümayəndələri və təhsil şöbəsinin əməkdaşları, həmçinin məktəblərdən şagirdlər iştirak edib.
Sərgidə məktəblilərə və mülki şəxslərə fövqəladə hallar zamanı necə davranmalı, texnika və avadanlıqlardan necə istifadə etmək qaydaları izah edilib. Bu kimi vərdişlərə yiyələnmək həm də orta məktəbdə dərs kimi tədris olunur.
FHN-in hər iki qurumunun əməkdaşları vaxtaşırı kənd və qəsəbələrdə yerli əhali arasında maarifləndirmə işi də aparırlar ki, bu da insanların xoşagəlməz hallarda həyatına yaranan riskin azalmasına yardım göstərir.