Ağciyər xərçəngi təhlükəsinin yüksək olduğu ərazilər açıqlandı - <span style="color:red;">AZƏRBAYCANDA
10 noyabr 2014 16:52 (UTC +04:00)

Ağciyər xərçəngi təhlükəsinin yüksək olduğu ərazilər açıqlandı - AZƏRBAYCANDA

Bu gün “Bakı Elm Festivalı - 2014” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, AMEA müxbir üzvü Çingiz Əliyev “Azərbaycanda radon problemi” mövzusunda çıxış edib. APA-nın məlumatına görə, Ç. Əliyev deyib ki, radon qazı insanın ağ ciyərlərində problemə yol açır.

 

Ç. Əliyev inkişaf etmiş ölkələrdə radon kadastrı, xəritələri yaradıldığını nəzərə çatdırıb. Onun sözlərinə görə, Çernobıl qəzasından sonra SSRİ-yə daxil olan respublikalarda radon problemi ilə bağlı araşdırmalar başlayıb. Abşeron yarımadasında və Bakıda tədqiqatlar aparılıb. Tədqiqatlar zamanı Bakının bəzi yerlərində, ümumilikdə isə Abşeronda 140 qədər belə mənbə tapılıb: “Mən o zaman Abşeron yarımadasında həmin tədqiqatlarda iştirak edirdim. Tapılan 140 mənbədə problemlər vaxtaşırı həll edildi, indi vəziyyət normaldır”.

 

Ç. Əliyev yaşayış binalarına radon qazının daxil olması yollarından danışıb: “Binanın yerləşdiyi ərazinin geoloji-coğrafi xüsusiyyəti, binanın tikintisində istifadə edilən materiallar, kanalizasiya xətləri və digər amillər binaların zirzəmisi və birinci mərtəbələrində radon qazının yığılmasına səbəb olur. Adətən zirzəmidə və anbarlarda radon qazının səviyyəsi daha yüksək olur. Radon qazının təsirinə daha çox birinci, bəzən də ikinci mərtəbədə yaşayanlar məruz qalır. Ventilyasiya düzgün qurulubsa, radon qazı binaların zirzəmisindən, anbarlardan kənarlaşdırılır. Radon ağciyər xərçəngi yaradır. Tədqiqatlar göstərir ki, siqaret çəkmədən sonra ağciyər xərçənginin yaranmasında ikinci əsas rolu radon qazı oynayır”.

 

İsveçrə alimlərinin dəstəyi ilə Azərbaycanın radon qazı kadastrının, xəritəsinin yaradıldığını bildirən Ç. Əliyev Şamaxı-İsmayıllı, Quba, Zaqatala-Balakən və Şəki regionlarında daha çox radon müşahidə olunduğunu açıqlayıb: “Çünki bu ərazilər aktiv seysmik zonalardır, radon qazı da qırılmalardan yer səthinə çıxır. Qazax-Tovuz, Gəncə, Talış dağları zonasında da  bəzi yerlər var ki, radon qazının qatılığı yüksəkdir və nəzarət altında olmalıdır. Onu da qeyd edim ki, Zaqatalada zəlzələdən sonra bəzi ərazilərdə radon qazının qatılığının yüksək olduğunu müşahidə etmişdik”.

 

Ç. Əliyev Azərbaycanda radon qazı probleminin həlli ilə bağlı 2014-cü il iyunun 30-da dövlət proqramı qəbul edildiyini xatırladıb: “Biz hazırda hökumətin tapşırığı ilə bu ərazilərdə iş aparırıq. Məqsəd radon probleminin olduğu kəndlərdə və evlərdə bu problemi həll etməkdir. Bu, 5 illik proqramdır, 5 il ərzində təkliflərimizi verəcəyik, sonra bu problemlər həll olunacaq. Azərbaycanda bu problem nəzarət altındadır. Ümumiyyətlə, Azərbaycanda bu problem nəzarət altındadır və biz dövlət proqrammı çərçivəsində bu problemi həll etməyə başlamışıq”.

 

Daha sonra sualları cavablandıran Ç. Əliyev radon qazları ilə yer səthinə çıxan müalicəvi suların insan üçün zərərli olmadığını qeyd edib: “Ancaq radon qazı ilə çıxan sularda vanna 10-15 dəqiqə ərzində xeyirlidir. Ümumilikdə isə radon qazı daha çox qış aylarında qapı-pəncərənin bağlı olduğu mənzillərdə insanlar üçün təhlükəlidir”.

 

Ç. Əliyev Abşeron yarımadasında neft-qaz hasilatı ilə bağlı radon təhlükəsinə də toxunub: “Abşeron yarımadasında 100 illərdir ki, neft yataqları istismar olunur. Neft yer səthinə su ilə çıxır və həmin suların tərkibində radioaktiv maddələr var. Ancaq neft açıq havada çıxdığı üçün insan üçün təhlükəli deyil. Əsas təhlükə binalarda qapalı, ventilyasiya olmayan mənzillərlə bağlıdır. Digər tərəfdən, sovet dövründə tərkibində yod olan sulardan yod almaq üçün kömürdən istifadə edirdilər. Kömürdə də radioaktiv maddələr toplanırdı. Radioaktiv maddələrin toplandığı kömürlərlə bağlı xüsusən Ramanıda vardı. Hazırda Fövqəladə Hallar Nazirliyini köməyi ilə problem həll olunur”.

# 3465
avatar

Oxşar yazılar