Xalq etimadını qazanan İlham Əliyevin 10 illik strateji, uzaqgörən, praqmatik fəaliyyəti onu nəinki ölkəmizdə, eyni zamanda beynəlxalq arenada da cəmiyyətə alternativsiz lider kimi təqdim etdi. Təsadüfi deyildir ki, həm ölkə daxilində, həm də ölkə sərhədlərindən kənarda növbəti seçkilərdə mütləq qalib kimi İlham Əliyevin adı çəkilir, bu missiyanı yerinə yetirə biləcək yeganə şəxs imici formalaşırdı. Dünyanın bir çox beyin mərkəzlərinin keçirdiyi rəylər və alınan nəticələr bu qələbəyə inamı daha da artırırdı.
2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri ölkəmizin tarixinə mühüm hadisə kimi düşdü. Möhtəşəm qələbə xalq birliyinin, yekdilliyinin təcəssümü oldu. Azərbaycan vətəndaşları yenə öz səslərini İlham Əliyevə verməklə onun “xalq təmsilçisi”, “xalq havadarı” nüfuzunu təsdiqlədilər. Bununla milyonlarla azərbaycanlı siyasi iradəsini nümayiş etdirərək xalq taleyinin müdafiəsini bugünə qədər milli maraq və mənafenin layiqli təmsilçisi olan Cənab Prezidentə həvalə etdilər. Bu inamı, etimadı yaradan amil isə son 10 ilin çiçəklənən, güclənən müstəqil, müasir Azərbaycanıdır.
Dövlət başçısının 10 illik fəaliyyəti təsdiqlədi ki, Azərbaycanın daha parlaq gələcəyi, praqmatik inkişafı üçün ən optimal yol Heydər Əliyev yoludur. İlham Əliyevin Heydər Əliyev strategiyasına uyğun gərgin, yorulmaz addımları onu bu kursun etibarlı davamçısı simasına çevirdi. Lider kimi çoxşaxəli fəaliyyəti ilə o, belə bir missiyanı həyata keçirməyə qadir olduğunu sübuta yetirdi. İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda demokratik dövlət quruculuğu prosesi uğurla davam etdirilməklə, iqtisadi, siyasi və sosial sahədə islahatlar paralel şəkildə aparıldı. Bunun nəticəsidir ki, Azərbaycan inkişaf etmiş vətəndaş cəmiyyətinin və möhkəm demokratiyanın bərqərar olduğu dövlət qurmaq istiqamətində durmadan irəlilədi. Demokratik cəmiyyətin əsas göstəricisi olan 9 oktyabr prezident seçkilərinin azad, şəffaf şəkildə uğurlu təşkili isə Azərbaycanda demokratik mühitin mövcudluğunu təsdiqləyən faktor oldu. Ölkə vətəndaşlarının səsvermədəki fəallığı, öz siyasi iradəsini açıq şəkildə sərgiləməsi seçkiləri müşahidə edən xarici ekspertlərin də diqqətindən yayınmadı.
İlham Əliyevin məqsədyönlü siyasi xəttinin uğurlu nəticəsidir ki, bu gün Azərbaycan lider bir ölkə kimi çıxış edir. Əldə olunan nailiyyətlər deməyə imkan verir ki, qələbələrin davamlılığının və effektliyinin qorunub saxlanılması bu siyasəti lazımınca tətbiq edə biləcək gücə malik olan liderin fəaliyyəti ilə əlaqədardır. Prezident İlham Əliyev yeni tipli siyasi lider kimi özünü təsdiqləyərək “Müasir lider – Müasir Azərbaycan” modelini formalaşdırdı. Bu düstur isə İlham Əliyev strateji xəttinin əsas məğzini, amalını nümayiş etdirməklə vətəndaş etimadı, dövlət idarəçiliyinin əsasına qoyuldu.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı