Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin prezidenti, Tirana Politexnik Universitetinin rektoru, akademik Corqan Kaçanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Lent.az-ın məlumatına görə, o, prezidenti olduğu qurumun fəaliyyəti, son illər gördüyü işlər barədə ətraflı məlumat verib və rektor Abel Məhərrəmovun Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinə rəhbərlik etdiyi dövrü xüsusilə qeyd edib. Rektor Abel Məhərrəmov BDU-nun da üzvü olduğu şəbəkənin fəaliyyətindən razılıq ifadə edib. Eyni zamanda Albaniyanın Tirana Politexnik Universiteti ilə əməkdaşlığın daha da genişləndirilməsi barədə təkliflər irəli sürüb. Qarşılıqlı maraq doğuran görüşdə əməkdaşlıq memorandumu imzalanıb. Memorandum geologiya, biologiya, ekologiya və torpaqşünaslıq, informasiya texnologiyaları sahəsində müəllim-tələbə mübadiləsi, birgə elmi simpozium, seminar və konfransların təşkili, layihə və proqramlarda iştirak və s. digər məsələləri nəzərdə tutur.