Baytarlıq xidməti bu il 200 min iti peyvəndləyib
09 aprel 2015 12:04 (UTC +04:00)

Baytarlıq xidməti bu il 200 min iti peyvəndləyib

Martın 16-dan ölkəmizdə ilk dəfə olaraq vəhşi və sahibsiz heyvanlar arasında başlanan oral peyvəndləmə tədbiri yekunlaşıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Lent.az-a verilən məlumata görə, peyvəndləmə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının meşə və meşəətrafı ərazilərində, eləcə də  Abşeron yarımadası və Bakı ətrafı ərazilərdə icra edilib.

 

50 min doza miqdarında olan quduzluq əleyhinə vaksin yerləşdirilmiş aldadıcı yemlər (primanka) meşə və meşəətrafı ərazilərdə vəhşi heyvanların vaxtaşırı keçib getdiyi yerlərə hər 50 metrdən bir, eləcə də sahibsiz itlərin çox olduğu ərazilərə atılıb. Bununla yanaşı, Dövlət Xidməti sahibli və qeydiyyatda olan itlərin də peyvəndləmə tədbirlərini davam etdirir. Cari ilin 3 ayı ərzində 196761 baş itdə bu tədbir həyata keçirilib.  

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti  onu da xatırladır ki, aparılan vaksinasiya tədbiri vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaradacaq və xəstəliyin qarşısı alınacaq.

 

Hal-hazırda quduzluq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət tam nəzarətdə olmaqla sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti lazımi tədbirlər həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Oxşar yazılar