"Sahil" stansiyasından xəbər var
20 dekabr 2017 12:31 (UTC +04:00)

"Sahil" stansiyasından xəbər var

 

Bakı metropoliteninin "Sahil" stansiyasının avqust ayının 21-də başlanmış yenidənqurulması işləri əvvəlcədən təsdiqlənmiş tədbirlər planına uyğun sürətlə davam etdirilir.

 

"Bakı Metropoliteni"nin mətbuat katibi Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, yaxın günlərdə yeni tipli eskalatorların quraşdırılmasına başlanılacaq. 

 

50 il əvvəl istismara verilmiş Bakı metropoliteninin ilk 5 stansiyasından biri olan "Sahil"də indiyə qədər əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Bundan savayı, açıldığı gündən istifadə olunan "LT-3" tipli eskalatorlar istismar müddətini artıq başa vurub. 
 

 

Köhnə tipli eskalatorlar söküldükdən sonra yeni avadanlığın quraşdırılacağı sahə müvafiq tələblərə uyğunlaşdırılıb. Quraşdırmaya hazırlığın ən ağır işləri çərçivəsində köhnə avadanlığın irihəcmli dəmir-beton özülünün, eskalatoraltı pillələrin və digər konstruksiyaların sökülərək daşınması, maşın zalının yeni quraşdırılacaq avadanlıqlara uyğunlaşdırılması tədbirləri başa çatdırılıb: "Bu, heç də asan iş deyildi. Təsəvvür edin ki, təkcə köhnə avadanlığın maşın zalındakı beton təməlinin çəkisi 8 tondan artıqdır. Metro tikintisində istifadə olunan betonun da ən yüksək standartlara cavab verilməsini nəzərə alaraq, onun dağıdılması, daşınması xüsusi planlı iş tələb edirdi. Ən müasir üsullardan birini tətbiq etməklə, həmin təbəqə 8 hissəyə parçalanaraq çıxarılıb. Bundan savayı, texniki tələblərə uyğun olaraq, yeni eskalatorların quraşdırma səviyyəsi 30 sm aşağı endirilib".

 

"Bakı Metropoliteni" QSC-nin nəzdində fəaliyyət göstərən "Bakımetrolayihə" institutunun layihəsi əsasında maili gediş boyunca eskalatorların yeni dayaqları quraşdırılır. Hazırda yeni eskalatorların yerləşdirilməsi məqsədilə irihəcmli metal konstruksiya işləri tamamlanmaq üzrədir. 
 

 

Stansiyanın ilk diqqətçəkən böyük dəyişikliyi eskalatorlarla bağlı olacaq. Yalnız bir çıxışı olan, həm də sərnişinlərin sıx istifadə etdiyi bu stansiyada tətbiq edilən mühüm yenilik sökülmüş 3 eskalatorun əvəzinə "Viktoriya" tipli 4 yeni avadanlığın quraşdırılmasıdır. Lakin 4 eskalatorun quraşdırıldığı "28 May" stansiyası ilə müqayisədə, onların buradakı analoqları bir çox üstünlükləri ilə fərqlənəcək. Sərnişinlərin daima əyani müşahidə edəcəyi əsas yenilik hər bir avadanlığın eninin bir metr olmasıdır və bu, stansiyaya enib-qalxarkən, xüsusən gur saatlarda, sərnişin dövriyyəsini əvvəlkindən daha operativ və rahat qurmağa imkan verəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 274
avatar

Oxşar yazılar