Yeni tədris ilindən məktəblərdə xarici dil kimi ərəb, fars dilləri də keçiriləcək.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəblərinin 2015-2016-cı dərs ilinə aid tədris planlarının təsdiqi haqqında əmrinə əsasən, yeni tədris ilindən şagirdlərə tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçiləcək. Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi birinci sinifdən başlanacaq. Ümumtəhsil məktəblərində ikinci xarici dil V sinifdən etibarən tədris olunacaq.
Bundan başqa, tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində VIII sinifdə dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 saatı dərs cədvəlinə daxil edilməklə “Qarabağın tarixi” kursunun tədrisinə ayrılacaq.