<span style="color:red;">Yağışdan sonrakı palçıqlı Lənkəran : sahibsiz küçə itləri, büzüşmüş adamlar, solan qızılgüllər <span style="color:red;">- TƏƏSSÜRAT
25 noyabr 2014 18:54 (UTC +04:00)

Yağışdan sonrakı palçıqlı Lənkəran: sahibsiz küçə itləri, büzüşmüş adamlar, solan qızılgüllər - TƏƏSSÜRAT

Üç gündən çoxdur ki, Lənkərana dayanmadan, nəfəsini dərməyən və nəfəs dərməyə imkan verməyən yağış yağır.

Biz, dağla dənizin arasındakı kəndlərin sakinləri, səbirsizliklə gözləyirik ki, nəhayət, bu yağışın da sonu hər dəfəki kimi, dağlara qar çırpması ilə nəticələnəcək bir gecə. Dağlara qar yağan kimi dağ ətəyi kəndlərdə yağış kəsir çünki, gün çıxır, hava soyuq olsa da, yağıntıdan canımız qurtarır.

Bu üç günün leysanı da hamımızı bu ümidə köklədi.

Dağda yaşayan insanlara nə qədər ürəyimiz yansa belə.

 

Rəsmi xəbər

 

Üç gündən bəri davam edən güclü yağıntı yenidən cənub bölgəsinin bir sıra yaşayış məntəqələrində fəsadlara səbəb olub. 

APA-nın yerli bürosunun məlumatına görə, ən kritik vəziyyət Lənkəranda yaranıb. Rayonun ayrı-ayrı kənd və qəsəbələrində, həmçinin Lənkəran şəhərində 1000-dən çox evi su basıb. Sel suları evlərin zirzəmilərinə dolub, xeyli sayda ev quşlarının tələf olmasına, ərzaq və kənd təsərrüfatı məhsullarının korlanmasına səbəb olub. Əhali evlərindən çıxa bilmədiyindən iş yerlərinə, uşaqlar isə məktəbə gedə bilməyiblər.

 

Qeyri-rəsmi

 

Evdən çölə çıxmaq nə qədər çətin olsa da, hər şeyi gözlərimlə görmək və çəkib Lent.az-a yazmaq üçün yola düzəldim.

İlk işim elə özümü çəkmək oldu, bir azdan leysanın cücə kimi isladıb büzüşdürəcəyi müəllifin reportajdan əvvəlki halını həmən ümumxalq xəstəliyimiz olan facebookda paylaşdım.

Sonra qonşumuzun həyətini əbədiləşdirdim.

Özünü çəkməyə izn verməyən ev sahibəsi o ki var gileyləndi:

 

- Əvvəllər bu kəndin hər tərəfindən su kanalları axardı, yağış suları da həmin kanallarla əkin sahələrinin kənarlarına yığılar, lazım olanda suvarmaya sərf edilərdi. İndi isə dizə kimi su içində qalmalı oluruq, nə uşaqlar dərsə gedə bilir, nə özümüz həyət-bacaya düşürük. Ördəklərimizn neçəsini hinin içindən su aparıb, hələ saya da bilməmişik. Körpənin nənnisini, paltarlarını belə ipdən götürmək üçün aşağı mərtəbəyə düşə bilmirik.

 

Rayon mərkəzində

 

Astaradan gələn mikroavtobusla Lənkəranın mərkəzinə sarı getdim.

Romantik adam üçün kifayət qədər poetik ovqatda və görkəmdə idi Lənkəran.

Yol boyu xalı kimi sərilən sarı-qızılı palıd, dəmirağac, çinar yarpaqları, çətirli-çətirsiz adamlar, soyuq hava və su…hər yerdə su, su, su…

Mərkəzi parkdan keçəndə bumbuz yağışın altında qalmış dekorativ qızılgüllərə ürəyim yandı.

Parkdan keçib Sütəmurdov körpüsünə tərəf yol aldım.

Məqsədim Lənkəran çayını yaxından görmək və çəkmək idi.

Yol boyu suyun içində və altında qalmış hər şeyi çəkməyə çalışdım.

Qədim dəyirmi zindanı, məni üç dəfə eyni küçəni o tərəfə-bu tərəfə adlamağa vadar edən sahibsiz küçə itlərini, körpünü, körpüdən görünən Lənkəran evlərini, su basmış həyətləri, adamları…

Aha, bu da bizim çay!

Əlbəttə ki, normal halından ən azı iki, bəlkə də üç dəfə artmışdı bu gün.

Suları o qədər çox və o qədər bulanıq idi ki.

Körpüdən aşağı baxdıqca qaynayırmış kimi görünürdü.

Kür boyda olmuşdu bu gün Lənkəran çayı, kükrəyirdi.

Bir az səsini dinləyib, geriyə, parka dönməyə başladım.

Elə bir az əvvəl azacıq səngimək istəyən yağış da yenidən leysana dönməyə başladı.

 

 

Parkda isə…

 

Parkda fəvvarələr işləyirdi.

Adətən onlar isti, günəşli günlərdə gözəl görünür, amma sən demə, yağış altında da bir başqa məlahətləri varmış.

Bizim şəhəri dinləməyi çox sevirəm.

Səhərlər küçələrdə yeriyirsən və bir-birinin ardınca açılan dükanların hamısından üzərlik qoxusu gəlir, şəhər üzərlik ətri verir.

Hamı bir-biri ilə salamlaşır, hal-əhval soruşur, xeyirli sabah diləyir.

Bütün səslərin birləşməsindən yaranmış ümumi fon o qədər rahatlıq verir ki adama!

Sözlə deyiləsi deyil.

Elə bunları düşünürdüm və bu dəfə bütün səslərin də yağışın səsinin içinə gömüldüyünü anlamaqdaydım ki, adamların H.Əliyev mərkəzinə doğru axışdığını gördüm.

Onlara qarışıb içəri keçdim.

Bölgəmizin jurnalistlərini və operatorlarını görüncə doğmalarını görmüş kimi sevindim.

Hamını bir araya gətirən səbəb isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Lənkərana səfəri idi.

Qapıda dayanmış polis nəfərindən soruşdum:

-         Baxın, bu havada evindən çıxıb bura gələn bu sıravi vətəndaşlar Mübariz

-         Qurbanlıya nə deyə bilərlər sizcə, ondan nə soruşa bilərlər?

Çəkilməyini istəməsə də, sualıma cavab verdi:

 

- Sıravi vətəndaşların istəkləri var, xahişləri var, ölkəmizdə din adı altında müxtəlif təriqətlərin fəaliyyəti, o təriqətlərin gənclərə təsiri, təzyiqi ilə əlaqədar, əlbəttə ki…

 

Konfrans zalına keçmək üçün dəvət ediləndə ayaqqabılarımın içindəki suda tamamilə islanmış ayaqlarım məni binadan kənara sürüdü.

İslaq cücə kimi halımla, sözün həqiqi mənasında suyum süzülə-süzülə həmkarlarımla sağollaşıb, parka çıxdım.

Burada fəhlə əmilər palmaları bükürdülər.

 

- Yorulmayasız! – dedim, şəkillərini çəkdim.

 

- Sağ ol, Allah köməyin olsun, -dedilər, - şəklimizi çəkdin? Əcəb elədin!

 

Çay, Vaqif Mustafazadə, düşüncələr…

 

Lənkəranda bir-birinin ardınca açılan ailəvi çay evləri, kafelər olmasa, mən neylərdim?

Az qala dizlərimə qədər soyuq suyla bunlardan birinə keçib, ipisti çay içməyin yerini nə verə bilərdi?

Bütün şəhər, yağış, adamlar, səslər şüşəli divarlardan o tayda qalmışdı.

Mən idim, isti çay, bir də Vaqif Mustafazadənin “Düşüncələr”i.

Bir azdan mən bu isti, musiqili kafedən çıxıb kənd avtobuslarının dayanacağına gedəcəkdim, oradakı əbədi və əzəli palçıq yolun şəklini çəkəcəkdim.

Bir azdan kənd avtobuslarının da heç də bu gün hamısının işləmədiyini biləcəkdim və düz iki saat da orada dayanacaqdım, ta bir neçə kəndli qadın sözü və pulu bir yerə qoyub, taksi ilə kəndə getməyə qərar verincəyə qədər…

Hələlik isə çay içir, şüşə divardan o yanda qalmış yağışlı Lənkərana baxırdım.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1181

Oxşar yazılar