<span style="color:red;">Müdhiş OLAY:  pişik yaşlı ər-arvadı ölümdən necə xilas etdi? - <span style="color:red;">HEKAYƏTLƏR
29 avqust 2016 10:20 (UTC +04:00)

Müdhiş OLAY: pişik yaşlı ər-arvadı ölümdən necə xilas etdi? - HEKAYƏTLƏR

 

XİLASKAR HEYVANLAR

 

Ətini yeyib dərisini əynimizə geysək də, bəzən heyvanların ən vəhşisi belə, insanları ölümün pəncəsindən xilas edib. Dediyimizə misal olaraq, aşağıdakı hadisələr sizin üçün də maraqlı olacaq. Bu yazı ilə məqsədim təbiətin möcüzəsi olan heyvanları sizlərə bir daha sevdirməkdi.

 

ŞNAUSİNİN İGİDLİYİ

 

2007-ci ilin oktyabr ayında Trudi xanım öz həyat yoldaşı Qreq Qayla yataq otağında yuxulayarkən gecənin yarısı xanımın sevimli pişiyi Şnausi otağa daxil olur və pəncəsi ilə xanımın burnunu oynatmağa başlayır. Trudi pişiyin bu hərəkətini onun növbəti şıltaqlığına yozaraq yatmağına davam edir. Lakin sevimli Şnausinin təlaşlı və israrlı hərəkətindən şübhələnərək ərini oyadır. Onlar pişiyin nə  istədiyini aydınlaşdırmaq üçün qalxıb evin hər tərəfini nəzərdən keçirirlər. Məlum olur ki, evin zirzəmisindəki qaz borusu nasaz vəziyyətə düşdüyünə görə mənzilə qaz sızır. Dərhal təhlükəsizlik idarəsinə zəng edən ər-arvad evi tərk edir. Yanğınsöndürmə idarəsi əməkdaşının sözlərinə görə, Şnausi sahiblərini vaxtında xəbərdar etməsəydi, onlar xırdaca bir ehtiyatsızlıqdan evlə birlikdə göyə sovrulardılar.

 

Sevimli Şnausi bu igidliyinə görə Montana ştatının Qreyt-Follz şəhərindəki Heyvanlar Fondu tərəfindən “Bənövşəyi pəncə” adlı mükafatla təltif edilmişdi.  

 

XEYİRXAH ŞİRLƏR

 

Keniyanın cəngəlliyə yaxın kəndlərinin birində 12 yaşlı qızcığazı zorla ərə vermək üçün oğurlayırlar. Bir həftə ərzində evə qayıtmayan Keyt adlı qızın valideynləri bu haqda polisə xəbər verməli olur. Axtarış zamanı hüquq mühafizə orqanı əməkdaşları qızcığazı üç şirin əhatəsində görürlər. Məlum olur ki, Keyti meşəliklə qaçırmaq istəyənlər, ov axtaran şirlərlə üz-üzə gəlib. Vəhşi heyvanların qəfil peyda olmasından qorxuya düşən oğrular qızcığazı göz yaşları içərisində vəhşilərin əhatəsində qoyub qaçırlar. Şirlər isə ağlayan qızcığazın göz yaşlarını yalayıb qurudaraq onu doğma bala kimi qəbul edirlər. 

 

ANA NƏVAZİŞLİ QORİLLA

 

1996-cı ildə İllinoys ştatının Brukfild zooparkında faciəli bir hadisə olur. Valideynləri ilə heyvanları seyr etməyə gələn üç yaşlı oğlan uşağı beş metr hündürlükdən aşağıya, Binti Cua adlı nəhəng qorillanın yerləşdiyi məskənə yıxılır. Uşağın ata-anasının və zoopark işçilərinin bu dəhşətli mənzərəni yuxarıdan seyr etməkdən başqa çarəsi qalmır. İstirahəti pozulan nəhəng qorilla huşunu itirərək qan içində uzanmış uşağa yaxınlaşarkən, mənzərəyə baxanların bəzisinin ürəyi gedir. Lakin qorilla uşağı nəvazişlə qaldırıb qucağına alaraq, onun qanlı başını sığallayır. Özlərini hadisə yerinə çatdıran zoopark işçiləri uşağı onun əlindən rahatca götürərək təcili yardım məntəqəsinə yola salırlar.

 

AĞILLI LULU

 

Lulu adlı yetmiş kiloluq donuz öz sahibəsini ölümdən xilas edir. Deməli, sevimli Lulunu yemləməyə gələn ev sahibəsi xanım Co Ennin qəfildən ürəyi tutur və o, arxası üstə yerə yıxılır. Bu qeyri-adi mənzərəni görən donuz əhatəsindəki taxta çəpəri uçurub aşırdaraq şosse yolu tərəfə götürülür və hadisə ilə bağlı yol gedənlərin diqqətini cəlb eləmək üçün yolun ortasına uzanır. Maşınlar onun yan-yörəsindən ötüb keçsə də, ruhdan düşməyən Lulu evə qayıdıb sahibəsinə baş çəkir, onun ölmədiyini görüb yenidən ümidlənərək şossedə uzanır. Heyvanın bu qeyri-adi hərəkətini duyan sürücülərdən biri, nəhayət onun arxasınca getməli olur. Lulu sürücünü yerdə uzanmış sahibəsinin yanına qədər müşayiət eləyir. Sürücü Co Enni maşınına alaraq təcili xəstəxanaya çatdırır. Belə ki, sevimli Lulunun sevgisi xanım Co Ennin həyatını xilas edir.

 

DOVŞAN

 

İngiltərənin Kembricşir əyalətində Saymon Steqqall adlı bir kişi öz evində hipoqlikemik komaya düşür. Divanda uzanmış ərinin huşunu itirməsindən xəbərsiz olan xanımı Viktoriya,  Saymonun bu halını öz-özlüyündə onun yorğun olmasına yozur. Sahibinin vəziyyətinin heç də yaxşı olmadığını duyan Dori adlı ev dovşanı kişinin üstünə atılaraq var gücü ilə onu oyatmağa çalışır. Qabaq ayaqları ilə dayanmadan Saymonun üzünü şapalaqlayan dovşan Viktoriyanın diqqətini özünə çəkir. Qadın ərinin az qala öldüyünü görür. Təcili yardım çağırdıqdan sonra Saymonun həyatını xilas etmək mümkün olur. Sahibini ölümdən xilas edən Dori Ev Dovşanlarının Müdafiəsi Assossasiyasının ən ali mükafatına layiq görülür.

 

QIZIL DƏRİLİ TOBİ

 

Əsasən, həftənin beşinci günləri evində tək olan  Merilend ştatının Rayzinq-San şəhərinin 45 yaşlı sakini xanım Debbi Parkherstin nahardan sonra yemək istədiyi alma boğazında qalır və o boğulmağa başlayır. Sahibəsinin boğulduğunu hiss edən Tobi adlı it qəfil yerindən atılaraq qadını yerə yıxır. Qızıltüklü Tobi qabaq ayaqlarının pəncələri ilə sahibəsinin sinəsini tez-tez döyəcləməyə başlayır. İtin təcili yardımından sonra alma tikəsindən qurtulub həyata qayıdan xanım Debbi belə demişdi: “Tobi məni  tibbdə “Doktor Heymlix” adı  ilə məşhur olan metodla xilas elədi. Bilmirəm, sevimli itim bu metodu haradan mənimsəyib...”

 

HARAYÇI TUTUQUŞU

 

Bəzən xırda bir qıcığa yersiz aqressiya göstərdiyinə və hay-küylü olduğuna görə tutuquşularını sevməyənlər də var. Ancaq onların ağıllı və xeyirxah olmaları danılmazdı. Görün, Villi Kvaker adlı tutuquşu necə bir qəhrəmanlıq nümayiş elətdirib. Villinin yaşadığı evin ikiyaşlı uşağı Hanna Kuusk yemək yeyərkən çəçiyir və boğulmağa başlayır. Uşağın halından xəbərsiz anası və dayə vanna otağında imişlər. Tutuquşu Villi göyərib boğulan Hannanın köməyinə anasını çağırmaq üçün dayanmadan qanadlarını biri-birinə çalaraq “A-na-a-na-u-şaq!” deyə dayanmadan qışqırır. Quşun haray saldığını eşidən ana dərhal mətbəxə cumur və uşağı xilas edir. Bu hadisədən sonra Villi Kvaker hamının sevimli qəhrəmana çevrilir və “Qırmızı Xaç” cəmiyyətinin yerli filialı tərəfindən mükafatlandırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 383
avatar

Murad Köhnəqala

Oxşar yazılar