Mərkəzi Gömrük Hospitalından <span style="color:red;">YENİLİK
06 mart 2015 16:28 (UTC +04:00)

Mərkəzi Gömrük Hospitalından YENİLİK

Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Hospitalında tətbiqinə yeni başlanan ən müasir avadanlıq hesabına prostat xərçəngi diaqnozunun qoyulması tam dəqiqliklə mümkün olacaq. Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, böyrək xəstəlikləri və prostat xərçəngi sahəsində apardığı 600-dən çox cərrahiyyə əməliyyatı ilə beynəlxalq aləmdə tanınan türkiyəli həkim Lütfi Tuncun bildirib ki, vaxtında və düzgün diaqnoz qoyularsa, prostat xərçəngindən xilas olmaq mümkündür.  Türkiyəli mütəxəssis bu məqsədlə Mərkəzi Gömrük Hospitalına gətirilən və ikiboyutlu görüntü əldə edilməsinə imkan verən avadanlığın önəmini vurğulayıb.

Lütfi Tunc aşkar edilən bədxassəli şişləri robotik cərrahiyyə əməliyyatıyla aradan qaldırmağı məsləhət görür. Qapalı böyrək əməliyyatlarını öz ixtirası olan “Tunc üsulu” ilə həyata keçirən türkiyəli mütəxəssis prostat xərçənginin cərrahiyyə əməliyyatıyla aradan qaldırılmasında da xüsusi üsuldan istifadə edir.

Tanınmış cərrah düzgün üsuldan istifadə etməklə aparılan robotik cərrahiyyə əməliyyatının üstünlüklərinin - pasientin xəstəxanada az müddətdə qalması, qanama və sidikqaçırma probleminin olmaması, eləcə də cinsi problemlərin az olması və qısa vaxtda ayağa qalxa bilməsindən ibarət olduğunu diqqətə çatdırıb.

Mərkəzi Gömrük Hospitalında xəstələrdəki xoşxassəli şişlər isə burada tətbiq olunan və sözügedən sahədə ən müasir metod hesab edilən prostat vəzi adenomasının tulium lazerlə buxarlandırılıması üsulu ilə aradan qaldırılır. Bu əməliyyat hospitalın uroloqu Fərid Qədiməliyev tərəfindən həyata keçirilir.

Fərid Qədiməliyev bildirib ki, həmin əməliyyat praktiki olaraq qan itkisi olmadan aparılır. Hətta bu əməliyyat kardioloji pasientlərdə, o cümlədən, yaşlı insanlarda, qanlaxtalanma problemi olan xəstələrdə əminliklə aparıla bilər. Prostat vəzi adenomasının tulium lazerlə buxarlandırılıması üsulu ilə aparılan əməliyyatın fəsad riski minimuma bərabərdir. Üstəlik xəstənin sağalma prosesi asan keçir və əməliyyat olunan şəxslərin xəstəxanada qalma müddəti daha azdır.

# 146
avatar

Oxşar yazılar