<span style="color:red;">Bakılı rəssam : “Həkim ən qorxulu diaqnozu qoydu... o, isə elə qəşəngdir ki, daima gülümsəyir” - <span style="color:red;">MÜSAHİBƏ
12 sentyabr 2019 12:31 (UTC +04:00)

Bakılı rəssam: “Həkim ən qorxulu diaqnozu qoydu... o, isə elə qəşəngdir ki, daima gülümsəyir” - MÜSAHİBƏ

Həyat həm yaxşı, həm pis sürprizlərlə doludur. Bəzən o, bizi sınaqlardan keçirərək baş verənlər haqqında düşünməyə və başqa nöqteyi-nəzərdən baxmağa vadar edir. Bəzi insanlar bu sınaqlardan layiqincə keçir, digərləri isə dözmür və “sınır”.

 

Bu gün bizim qonağımız taleyinə meydan oxumaqdan çəkinməyən cavan rəssam Natalya Onufriyevadır. 

 

- Natalya, zəhmət olmazsa, bizə özünüz haqqında danışın?

 

- Mən Bakıda anadan olmuşam. Paytaxtdakı məktəblərdən birini bitirmişəm. Rəssamlar (anam və qardaşım) ailəsində doğulduğum üçün uşaqlıqdan rəssamlıqla məşğul oluram. Əvvəlcə akrillə rəsm dərslərini mənə iranlı Əli Aramide keçirdi, daha sonra isə Siviliya Rəhimova mənə akvarel ilə rəsm çəkməyə öyrətməyə başladı. Eyni zamanda rəqəmsal rəssamlıq – digital-art ilə məşğul oluram, rəsmləri kompüter proqramları vasitəsilə çəkirəm. Belə rəsmlərimin sayı mindən çoxdur. Məsələn, əgər rəsmi akvarel ilə çəksəm 3 saat, akril ilə - 1 saat, digital-art ilə isə 10 dəqiqə vaxt sərf edirəm.

 

- Rəsmləriniz nə haqqındadır?

 

- Güllər, rənglərin ahəngi, parlaqlıq, pozitiv haqqında. Rəsm çəkdiyim zaman bütün müsbət enerjimi kağıza ötürməyə çalışıram. Güllər mənə ilham verir, buna görə mən portret yox, təbiət mənzərələri, natürmort çəkirəm. Portretlər mənim üçün maraqlı deyil. 

 

- Fikir vermişik ki, sizin bütün rəsmlərinizdə NOVA imzası durur. Bu nə deməkdir?

 

- Bu, mənim inisiallarımdır: Onufriyeva Natalya Valeriyevna. İngilis dilindən tərcümədə isə “nova” – “yeni ulduz” deməkdir. 

 

- Rəsm çəkdiyiniz zaman hansı üslubdan istifadə edirsiniz?

 

- İmpressionizmi xoşlayıram. Bu üslubda mən sadəcə akril ilə çəkirəm. Bəzən abstraksionizmə də müraciət edirəm. 

 

- Çəkmək istədiyiniz, lakin çəkə bilmədiyiniz hər hansı bir əşya var?

 

- Mən ağ qızılgüllər çəkirəm, amma, təəssüf ki, onlar ağappaq alınmır. Gec ya tez onları çəkməyi öyrənəcəyəm.

 

- Hansı rəssamların yaradıcılığından xoşunuz gəlir?

 

- Azərbaycanlı rəssamlardan Hüseyn Həsənov (Kəngərli) və Siviliya Rəhimovadan, ruslardan isə Vrubeldən xoşum gəlir.

 

- Rəssamlıqdan başqa nə ilə məşğul olursunuz? İşləyirsiniz?

 

- Təəssüf ki, yox. Mənim uşağım xəstədir və bütün vaxtımı onunla keçirirəm, bir dəqiqə boş vaxtım olan kimi rəsm çəkirəm. Maddi cəhətdən ailəmizi tamamilə həyat yoldaşım təmin edir.

 

- Uşağınız hansı xəstəlikdən əziyyət çəkir?

 

- Qızım iki xəstəliyə - mikrosefaliyaya və uşaq serebral iflicə tutulub. 

 

- Bu necə baş verib?

 

- İlk əvvəl onu qeyd edim ki, hamiləliyimin altıncı ayında mən çox bərk əsəbiləşmişdim. Tonusun artması uşaqlıq boynunun vaxtından tez açılmasına səbəb olmuşdur. Lakin təbii doğuşun vaxtı gəlmədiyinə görə, həkimlər süni doğuş etmək qərarına gəldilər. Süni doğuş zamanı hansısa səhv baş verdi. Bu qədər vaxtın keçməsinə baxmayaraq mən hələ də əminəm ki, həkimlər səhvə yol vermişdilər, bunun da nəticəsində mənim qızım şikəst oldu.

 

- Bu əminlik hardan irəli gəlir?

 

- Altı ay ərzində mən həkimdə müayinədən keçirdim. Hamiləlik yaxşı keçirdi. Analizlər, USM – hamısı dölün normal inkişaf etdiyini göstərirdi.

 

- Bəs nə vaxt uşağa bu dəhşətli diaqnozları qoydular?

 

- Bir yaşında. O da ona görə ki, qonşularım təşvişə düşdülər və uşagı nevropatoloqa göstərməyimi tövsiyə etdilər. Uşağı müayinə etdikdən sonra həkim ən qorxulu diaqnozu qoydu – mikrosefaliya və USİ. Mikrosefaliyanı müalicə etmək mümkün deyil, çünki uşağın nə başı, nə də beyni böyümür. USİ-yə tutulduqda isə nə gəzmək, nə də oturmaq mümkün deyil.

 

- Bəs siz niyə uşağınızın xəstəliyi haqqında gec xəbər tutdunuz? Bir il ərzində uşağı həkimə aparmamışdınız?

 

- Əlbəttə, aparmışdım. Lakin heç kim dəqiq heç nə demirdi. Bu, mənim ilk uşağımdır və mən nə edəcəyimi, özümü necə aparacağımı bilmirdim. Düzdü, onun başı balaca idi, amma mən bilmirdim ki, belə olmalı deyil. Yalnız özəl xəstəxanaya müraciət edəndən sonra biz qızımızın xəstə olduğunu bildik. 

 

- Bu yükü neçə ildir daşıyırsınız?

 

- Artıq yeddi ildən çoxdur. Amma, şükür Allaha, mən tək deyiləm. Mənə tam zidd xasiyyətdə olan həyat yoldaşım kömək edir. Mənim dözməyib əsəbiləşdiyim hallar olsa da, o, heç vaxt qızına heç bir kobud söz deməz. Mən xəstə olduğum üçün bəzən səhər tezdən dura bilmirəm. Belə günlərdə ərim hər şeyi mənim yerimə edir: səhər yeməyini hazırlayır, uşağı yedizdirir. Onun ailəsi də xəstə uşağı qəbul edib. Onlar qızımı çox sevirlər, icazə vermirlər ki, mən ona səsimi ucaldım, deyirlər ki, “Gülümsə və yaşa”.

 

- Qızınızın adı nədir?

 

- Asina. “Dəmir” deməkdir.

 

- Bizə bir az qızınız haqqında danışın?

 

- O, elə qəşəngdir ki, daima gülümsəyir. Mənim xətrimə kimsə dəyəndə qaşqabağını sallayır, həmin adamı saymır. Belə çətin xəstəliklərə tutulmasına baxmayaraq qızımın məni müdafiə etməyə çalışması xoşuma gəlir. O, öz adını bilir, onu adı ilə çağıranda reaksiya verir. Qızımın sevimli cizgi filmləri var. 

 

- Rəsm çəkməyi və xəstə uşağa baxmağı necə çatdırırsınız?

 

- Vaxt tapan kimi fırçalarımı əlimə alıram və çəkirəm. İndi mən yalnız bir məqsədlə – Trexo Robotics aparatını almaq üçün lazımi məbləği (30 min dolları = 50700 manatı) yığmaq üçün rəsm çəkirəm. Uşağı onun içinə qoyursan və o gəzməyə başlayır. Addım-addım hərəkətlər beyinə yazılır və daha sonra uşaq artıq özü sərbəst gəzir.

 

- 30 min dollar böyük məbləğdir. Rəsmlər vasitəsilə bu məbləği necə yığa biləcəksiniz? 

 

- Bu yaxınlarda Disput.az vasitəsi ilə vətəndaşlarımıza müraciət etdim: “Rəsmi 3 manata alın - övladıma kömək edin”. Bu, böyük pul deyil, lakin onu da heç kim vermir. Bir ay ərzində sadəcə 100 manat yığıldı. Həmçinin Instagram-da səhifə də (helpachildwithcerebralpalsy, zvereva88) açmışam, lakin hələ heç kim münasibət bildirməyib.

 

- Sifarişlə rəsm çəkirsiniz?

 

- Xeyr, sifarişlərlə müraciət edəndə razı olmuram. Çünki müştərilərin təklif etdiyi mövzular məni maraqlandırmır. Sifarişçi portret və ya karikatura istəyir, mən isə onları çəkmirəm.

 

- Rəsmlərinizi sərgilərdə niyə satmırsınız?

 

- Təəssüf ki, onların nə vaxt keçirildiyini bilmirəm. Biləndə çox gec olur. Keçən il həyat yoldaşım “İçərişəhər”də rəsmlərimin sərgisini təşkil etmişdi. Sərgiyə çoxlu adam, telejurnalist gəlmişdi. Sərgi qurtardı və onunla birlikdə rəsmlərimə olan maraq da bitdi.

 

- Bildiyimiz kimi, uşağa əlilliyə görə pensiya düşür, düzdü?

 

- Tamamilə düzdü. O, 150 manat alır. Üstəlik mən ona qulluq etdiyim üçün əlavə 50 manat da alırıq. 

 

- Ayda qızınıza nə qədər pul xərcləyirsiniz?

 

- Təkcə dərmanlara hər ay 200 manat (özümüz alırıq, çünki poliklinika tərəfindən verilən dərmanlar işə yaramır), həmçinin həkimə 50 manat ödəyirik. Hələ mən pampers və paltarı demirəm. İndi əlil arabası lazımdır. Onu almaq üçün qızım xəstəxanada 15 gün yatmalıdır. Bu, uşağım üçün əlavə narahatçılıq yaradacaq. Buna görə də arabanı özümüz almalıyıq. Öz pulumuzla (2200 manat) kontrakturanın aradan qaldırılması üzrə əməliyyatı ödəmişik. Bu əməliyyatı keçən il Bakıya gələn Tula həkimləri etmişdilər. Nəticədə qızım dabanını yerə qoymağa başlayıb. Bu ay daha bir əməliyyat keçiriləcək, çünki kontrakturalar alaq otu kimi daima hər yerdə bitirlər. 18 yaşa kimi onları məhv edəcəyik.

 

- Bəlkə daha yüksək orqanlara kömək üçün müraciət edəsiniz?

 

- Artıq müraciət etmişik. Cavab gözləyirik.

 

- Üzr istəyirəm, sualım yersiz ola bilər, istəmirsiniz ki, daha bir uşağınız da olsun?

 

- Xeyr. Qorxuram ki, ikinci uşaq vaxtımı çox alacaq və birinci uşağıma vaxt qalmayacaq. Mən vaxtımı və sevgimi iki uşaq arasında bölə bilməyəcəm. Özümü tamamilə sevimli qızıma həsr etmək istəyirəm.   

 

Öz növbəsində Lent.az redaksiyası qonağımıza həyatla bu çətin mübarizədə səbrli olmağı arzulayır. Qoy balaca Asina valideynlərini həmişə gözəl gülüşü ilə sevindirsin. Uşağa müstəqil şəkildə ətrafındakı dünyanı tanımağa kömək edəcək möcüzəvi texnikaya gəldikdə isə ümid edirik ki, bu məsələ tez bir zamanda öz həllini tapacaq. 

 

 

# 2317
avatar

Səbuhi Sədəf

Oxşar yazılar