(R) “Nar”ın dəstəklədiyi “Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri müəyyənləşib
17 may 2016 16:31 (UTC +04:00)

(R) “Nar”ın dəstəklədiyi “Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri müəyyənləşib

 

Azərbaycan Respublikası Təhsil nazirliyi, Rabitə və yüksək texnologiyalar nazirliyi və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə “Microsoft Azerbaijan” və “Nar” tərəfindən Azərbaycanda 2-ci dəfə keçirilən “Imagine Cup” innovasiya müsabiqəsinin milli final mərhələsinin qalibləri müəyyənləşib.

Müsabiqədə iştirak etmək üçün “Microsoft” platforması üzərində innovativ proqram layihəsini, müasir dövrün problemlərini həll edən tətbiqin prototipini hazırlamaq və ya orijinal oyun fikirləşmək lazım idi. Bu il müsabiqənin milli seçim turuna 11 universiteti təmsil edən 25 komanda qatılmış, ən yaxşı 15 komanda isə milli finala vəsiqə qazanmışdı.

 

Ümumdünya finalında olduğu kimi milli finalda da müsabiqədə iştirak edən ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç nominasiya üzrə yarışdılar: “İnnovasiya”, “Oyunlar” və “Sosial layihələr”. Peşəkar münsiflər tərəfindən qiymətləndirilən layihələr arasından hər üç nominasiya üzrə qaliblər müəyyən edildi. Milli finalda “İnnovasiyalar” nominasiyası üzrə emosiyaların identifikasiyası layihəsini təqdim etmiş “JavaSet” komandası, “Oyunlar” nominasiyası üzrə görmə qabiliyyətindən məhrum insanlar üçün oyun təqdim etmiş ADA universitetinin “The Corp” komandası, “Sosial layihələr” nominasiyası üzrə isə çətin vəziyyətə düşmüş yaşlı insanların yerinin yaxınları tərəfindən təsbit edilməsini asanlaşdıran cihazı təqdim etmiş “SABAH Groups” təmsilçisi olan “TechSOS” komandası qalib gəldi.

 

Mükafatlandırma mərasiminə qatılan “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili qalibləri təbrik edərək, müsabiqənin keçirilməsində əsas məqsədin tələbələrə innovativ düşüncə qabiliyyətinin aşılanması və yerli istedadların üzə çıxarılması olduğunu söylədi. “İstedadlı Azərbaycan tələbələrinin müəyyən edilməsi, onların sabahın bazar tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişdirilmələrinə şərait yaradılması bizim bu layihəyə artıq bir ənənəyə çevrilmiş dəstəyimizi şərtləndirən başlıca amildir. “Nar” hər zaman gənclərin yanındadır və onların yeni zirvələri fəth etmələrinə dəstək verməyə hazırdır. İnanırıq ki, bu istedadlı gənclərin arasından gələcəyin peşəkarları, öz sahələrinin mütəxəssisləri və, ən əsası, layiqli vətən övladları yetişəcəkdir”, - deyə cənab Maknili bildirdi.

 

Qalib komandalar artıq may ayında keçiriləcək beynəlxalq onlayn-səsvermədə iştirak etmək hüququ qazanıblar. Səsvermə nəticəsində onlar ABŞ-da keçiriləcək dünya finalında iştirak edib əsas mükafat olan 50.000 ABŞ dolları məbləğindəki pul mükafatı uğrunda yarışmaq imkanı qazanacaqlar.

 

Qeyd edək ki, “Microsoft Imagine Cup” müsabiqəsi dünya tələbələri arasında hər il keçirilən ən genişmiqyaslı innovasiya müsabiqələrindən biri sayılır. Müsabiqənin keçirilməsində məqsəd tələbələrin istedadını üzə çıxarmaq, onların sabahın bazar tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişdirilmələrinə şərait yaratmaqdır.

Hər zaman təhsil və innovasiyaların, elm və mədəniyyətin inkişafına xüsusi önəm vermiş “Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində artıq ikinci ildir ki, “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinə dəstək verməkdədir.

# 42
avatar

Oxşar yazılar