Bu gün “Lent.az” İnformasiya Agentliyinin “Əsir düşərgəsi” layihəsinin materialları əsasında nəşr edilən “Cəhənnəmdə böyük çığırtı” adlı kitabın imza günü keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə ictimaiyyət nümayəndələri, o cümlədən tanınmış şəxslər iştirak edib.
Təqdimatda “Lent.az” İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu çıxış edərək, kitabın əhəmiyyətindən danışıb. O qeyd edib ki, kitabda olduqca maraqlı faktlar öz əksini tapıb: “Hesab edirik ki, Vüsalə Məmmədovanın əziyyəti boşa getməyib. Tarixin hansısa mərhələsində, həm Azərbaycan tarixinin bir parçasına aid həqiqətlərin xatırlanmasına, qiymət verilməsinə imkan yaradacaq. Bu kitab bir il ərzində Lent.az-da yayımlanmış hekayələr toplusudur. Erməni girovluğunda olmuş insanların həyatıdır. Bu kitab bədiliyi, tarixiliyi ilə yanaşı, həm də bir insan həyatını əks etdirən, avtoportretlərdir. Müəllifə ona görə təşəkkür düşür ki, o insanların əziyyətini, başlarına gələn fəlakətləri qələmə ala bilib. Kitab bu gün oxuculara pulsuz paylancaq”.
Kitabının müəllifi Vüsalə Məmmədova da kitab barədə məlumat verib: “2014-cü ilin aprelindən etibarən Lent.az-da “Əsir düşərgəsi layihəsinə başladıq. Burada Qarabağ müharibəsi zamanı girov düşən insanların həyat hekayələrini təqdim etdik. Yaxşı oxucu münasibəti gördük və buna görə də bütün bunları nəticə olaraq kitab şəklində çap etdirdik”.
V. Məmmədova onu da qeyd edib ki, kitabın təqdimatı fevral ayında - Xocalı Soyqırımının il dönümü ərəfəsində olub.
Qeyd edək ki, “Cəhənnəmdə böyük çığırtı” kitabı “APA Holding”in dəstəyi ilə “TEAS Press” Nəşriyyat Evində çap olunub. Kitabın ideya müəllifi və redaktoru “Lent.az” İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğludur. Kitabda toplanmış 8 hekayətdə erməni girovluğunda olan azərbaycanlıların üzləşdiyi işgəncə və zorakılıqlardan, yaşadığı dəhşətlərdən bəs edilir. Kitabın məqsədi Qarabağ həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılmasında bir addım atmaqdan ibarətdir. Kitabdakı bir çox faktlar girovluqda olmuş insanların öz dilindən geniş ictimaiyyətə ilk dəfədir çatdırılır.