![[b]Uşaq serebral iflicinin tam müalicəsi mümkündürmü?[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Uşaq serebral iflicinin tam müalicəsi mümkündürmü?[/b]
"Uşaq serebral iflici çox tez-tez rast gəlinən və müxtəlif səbəblərlə ortaya çıxan statik bir beyin patologiyasıdır. Bu gün Azərbaycanda doğulan hər min uşaqdan 2-3 nəfəri bu xəstəliyə düçar olur". Bu fikirləri APA TV-yə müsahibəsində psixonevroloq Kamran Salayev deyib. Mütəxəssis bu xəstəliyin yaranmaması və uşağın sağlam böyüməsi üçün bir çox faktorlar önəmli rol oynadığını deyib.
"Bu xəstəliyi yaradan səbəblər isə çoxdur. Əksər hallarda bu, hamiləlik və doğuş zamanı hər hansısa problemdən, virusdan tutmuş qipoksiyaya qədər uzanan, eyni zamanda genetik problemlərdən əmələ gəlir. Təxminən 15-20 faiz uşaqlarda isə bu xəstəliyin yaranma səbəblərini tapmaq çətin olur. Xəstəliyin əsas əlaməti uşaqlarda inkişafdan geri qalma və ya əzələ tonusunda dəyişiklik, hərəkət inkişafının ləngiməsi və pozulmasıdır".
Kamran Salayevin sözlərinə görə, bu xəstəliyin ən çox yayılan forması spastik formadır. İlk aylarda mərkəzi ifliclər uşaqların əlləri və ayaqlarında davam edir, sonralar əllərdə hərəkətlər bərpa olunur, əsasən ayaqların iflicləri üstünlük təşkil edir. Ayaqlarda yaxınlaşdırıcı və açıcı qrup əzələlərdə tonus daha çox yüksəlir. Bununla əlaqədar ayaqlar açılmış və bir-birinə yaxınlaşmış, bəzən çarpaz vəziyyətdə olur. Uşaq fiziki inkişafdan qalır, onun oturma, durma və gəzməsi xeyli ləngiyir.
"Serebral iflicin profilaktikası üçün hamiləlik dövründə müayinələr düzgün aparılmalıdır. Bu iş də qadın həkimlərinin üzərinə düşür. İnfeksiyalardan və başqa risk faktorlardan vaxtında qorunma da bu xəstəliyin qarşısını ala bilər. Bəzən isə qabaqlayıcı tədbirlər görmək mümkün olmur. Məsələn, daha çox əkiz hamiləlik dövründə. Erkən doğuş zamanı da risk daha çox artır. Əgər uşaq 28 həftəyə qədər doğulursa, bu zaman 10 faiz uşaqlarda serebral iflic xəstəliyinə rast gəlinir. Ana bətnində isə bu xəstəliyin yaranma diaqnozunu qoymaq mümkün deyil. Ancaq hamiləliyin 6-9-cu aylarında şübhə yarana bilir, xəstəliyin aşkarlanması isə 2 və 3 yaş arasında dəqiqləşdirlir".
Mütəxəssis deyir ki, uşaq serebral iflici inkişaf etməkdə olan beyinə təsir edən faktordan yaranır. Bu, hamiləlik dönəmində ananın məruz qaldığı faktorlar, doğum zamanı baş verən zədə və doğumdan sonra uşağın erkən inkişaf dönəmində keçirdiyi problemlər nəticəsində yaranan, beyni bu və ya digər dərəcədə zədələyən amillərdir. Vaxtından öncə doğulanlar, doğularkən çəkisi az olanlar, fizioloji sarılığı uzun sürən, hamiləlikdə ağır infeksiyalara, toksinlərə, mikroblara məruz qalan, doğumu uzun sürən analardan doğulan, doğum zamanı hər hansı travmaya məruz qalan, cift dolanması olan uşaqlar serebral iflic riski altında olan uşaqlardır.
"Bu gün bir çox valideyn həkimə müraciət edəndə öncə uşaq düzələcəkmi sualını verir. Bu həm həkim, həm də valideyn üçün müalicə zamanı çətinlik yaradır. Çünki bu xəstəliyə düçar olmuş uşaqlar əksər vaxtlarda düzəlmir. Amma burada məqsəd o uşaqların həyata uyğunlaşma səviyyəsini mümkün qədər artırmaqdır. Onların həyata bağlılığı təmin etmək, başqa uşaqlara yaxınlaşdırmaqdır. Bu uşaqlara erkən yaşlar xüsusi idman lazımdır. Nitq probleminin aradan qaldırılması üçün loqopedlə işləmək lazımdır. Qavramaq problemi üçün isə xüsusi məşğələlər keçməlidir. Bunlar hamısı 1 yaşdan sonra artıq başlamalıdır. Bütün bunlar müntəzəm şəkildə olarsa, yaxşı nəticə alına bilir".
Həkim qeyd edib ki, 1 yaşa qədər uşaqları ayda bir dəfə, sonra isə 2-3 aydan bir nevropatoloq müayinəsindən keçirmək lazımdır. Ən xırda problem olduqda belə onun haqqında məlumatlı olub, vaxtında müalicə aparılması daha yaxşı nəticə əldə etməyə kömək edə bilər.
Oxşar yazılar

Bu 3 BÜRC avqustda əsl sıçrayış hiss edəcək: Siyahıda kimlər var
12 avqust 2025 , 18:35
Milyonluq reklam gəlirləri, 90 minlik cərimə - Blogerlər nə qədər vergi verir?
12 avqust 2025 , 15:31
Bu xəstəxanalara yeni baş həkimlər təyin edildi
12 avqust 2025 , 15:05
Evi yoxdur, amma adına 1000 manata yaxın su borcu var
12 avqust 2025 , 14:07
125 min uşaq birinci sinfə gedəcək
12 avqust 2025 , 13:49
2300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi
12 avqust 2025 , 13:46
Sabiq prokuror vəfat etdi
12 avqust 2025 , 13:14