Rezidenturaya ərizə qəbulu başlayır. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Qurumdan verilən məlumatda qeyd olunur ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Rezidentura” jurnalının 2-ci sayı nəşr olunub. Jurnalda 2014/2015-ci tədris ili üçün rezidenturaya qəbul elanı, rezidenturaya ərizə verən namizəd üçün təlimat və. s məsələlər öz əksini tapıb.
Rezidentura səviyyəsinə keçiriləcək qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbulu internet vasitəsi ilə 2014 - cü ilin fevralın 11-dən 20-dək aparılacaq.
Namizəd şəxsiyyət vəsiqəsinin seriyasından, nömrəsindən və PİN kodundan və “TQDK-nın virtual ödəmə kartı”nda göstərilən iş nömrəsi və şifrdən istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizerez) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurmalıdır. Virtual ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. Ətraflı məlumat jurnalın 3-5-ci səhifələrində və eservices.tqdk.gov.az/erizerez səhifəsindəki aktual keçidlərdə verilib.
Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. Baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin birinci mərhələdə qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.
İmtahanın birinci mərhələsi 2014-cü il martın 30-da, ikinci mərhələsi 2014-cü il iyulun 27-də keçiriləcək.
İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılacaqlar.
İmtahanda iştirak etmək üçün namizəd 2014-cü il martın 27-dən 29-dək olan müddətdə eservices.tqdk.gov.az/erizerez internet səhifəsindən imtahanın birinci mərhələsi üçün “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürəcəklər.
Qeyd edək ki, daha ətraflı məlumat TQDK-nın rəsmi saytında yerləşdirilib.