<b>On illərlə öz qanunları ilə yaşayan “Sovetski:</b> "Milisə xəbər vermək alçaqlıq sayılardı” - <span style="color:red;">SÖHBƏT
20 fevral 2014 12:38 (UTC +04:00)

On illərlə öz qanunları ilə yaşayan “Sovetski: "Milisə xəbər vermək alçaqlıq sayılardı” - SÖHBƏT

Əslində “Sovetski” deyilən məhəllənin bir ucu Çənbərəkənddən başlayıb, Salyan kazarmasında bitir. Məhəllənin yaranma tarixi XIX əsrin sonlarına təsadüf etsə də, bura “Sovetski” adını XX əsrin 20-30-cu illərində verilib. Sovetlər birliyinin dağılsa da, “Sovetski” öz adını qoruyub saxlaya bilib.

 

 

Bakının tarixini araşdıran, yazıçı İlqar Fəhmi deyir ki, XIX əsrin sonlarından başlayaraq İçərişəhər və ətrafı genişlənir, inkişaf etməyə başlayır. İçərişəhər və MUM-un ətrafında yeni məhəllələr yaranır. Şəhərin aşağı hissələrində torpaq baha olduğundan, mərkəzdə - MUM-un ətrafında gözəl memarlıq üslublu binalarda varlılar, kənarlarda (indiki “Azdrama”nın arxasından yuxarı qalxdıqca) isə nisbətən ucuz torpaqlarda gecəqonduların tikildiyi kasıblar məhəlləsi formalaşır.

 

 

 

Bəs Bu kasıblar kimlər idi? İlqar müəllimin dediyinə görə, 20-ci əsrin əvvəlinədək, Çənbərəkənd sakinləri bu yerlərdə  əkin-biçinlə məşğul olublar. Neft sənayesinin inkişaf etdiyi bir dövrdə Bakıya kənar bölgələrdən fəhlə axını gəlir. Bunlar Abşerondan, İrandan və Azərbaycanın digər bölgələrindən gələn fəhlələr olub. “Nərimanov heykəlindən sol tərəfi dağlıların məskunlaşdığı məhəllədən bir az aşağı düşəndə həmşəhərlilər qalır. “Buradakı xırda daxmalarda İrandan gəlmiş fəhlələr yaşayır. Onların çoxu iranlı tacirlər tikdirdikləri evlərdə kirayənişin qalırlar. “Sovetski”nin aşağı tərəf məhəlləsində vəziyyət bir az başqa cür olub. Burada Azərbaycanın müxtəlif regionlarından gələnlər məskunlaşır. Onların arasında tanınmış ziyalılar da çox olub. Bunlardan Cabbar Qaryağdıoğlu, Əli Nəzmi, Fikrət Qoca, Tükəzban İsmayılovanı misal çəkmək olar”.

 

 

 

Yazıçının deyilənə görə, “Sovetski” məhəlləsi dövlət daxilində dövlət olub. Sovet qanunları ilə yanaşı, onların özlərinin yazılmamış qanunları da olub. Həm də daha sərt. “O vaxt milisə şikayət və ya informasiya vermək alçaq hərəkət sayılıb. Hər bir məhəllənin böyüyü, ağsaqqalı olub. Kimin kimləsə problemi, mübahisəsi olarsa, ağsaqqallar həll edərmiş. Bu və ya digər məhəllənin cavanları arasındakı konfliktləri belə ağsaqqallar həll edib.

 

 

- Polisdə işləyən oğlanlar həmişə deyərdilər ki, bizim üçün ən çətini köhnə məhəllələrdə işləməkdi. İstənilən bir yerdə cinayət hadisəsi baş verərdisə, tezcə şahidlər tapılardı. Amma köhnə məhəllələrdə bu müşkül idi. Cinayəti görsə, hətta qatilin haqsız olduğunu bilsələr də, kiməsə şahidlik etməzdilər. Bıçaqlanmış şəxs belə polisə yalan ifadə verərdi ki, guya yıxılıb, qarnına dəmir girib. Milisə xəbər vermək alçaqlıq sayılardı.

 

 

 

Məhəllənin daxili siyasəti bununla bitmir. İndi efirdə dırnaq arası bəzəyə çevrilən ailə daxili münaqişələri “Sovetski”də ailə daxilində həll edilib. Gəlinin sözü qaynanın boğazından, qaynananın sözü gəlinin boğazından keçməsə belə, qonşudan ar edib udarmışlar, ailə daxili konfliktlər hamının eşidəcəyi həddə gətirilib çıxarılmazmış. Evlər bir-birinə həddən artıq yaxın, üstəlik də bəzi evlərin divarları nazik olduğundan, bir otaqdakı səs, rahatca digər otaqda eşidilirmiş. Buna görə də evdə atayla ananın ixtiyarı çatırdı ki, uşaqlarının üstünə səslərinə qaldıralar. Ərlə arvadın arasında konflikt olanda isə, necə deyərlər güc uşağa düşürmüş. Əgər qonşu kişi uşaqları bir-birinə qatıb döyürsə, demək ki, arvadıyla dalaşıb, hirsini uşaqlardan çıxır. Bir də məhəllədə ictimai qınaq olub. Ailəsində dava salan, yola getməyən adam məhəllə camaatı tərəfindən  qınanılır, həmin adamla salam kəsilir, xeyir-şər məclislərindən uzaqlaşdırılırmış. Bu tip adamlar zamanla dözümlülük göstərə bilmir, məhəllədən  köçərmiş.

 

 

 

Boşanmalar isə ən son addım olub. Bu da sadəcə ailədə övlad olmadığı təqdirdə qəbul olunarmış. Bir çox halda boşanmazlarmış, arvadın üstünə ikinci arvad alırlarmış ki, təki övlad olsun. Köhnə məhəllələrin ər-arvadları arasında boşanmaların sayının minumum olmasını İ. Fəhmi şərq mədəniyyəti ilə bağlayır.

 

 

- Hətta sovet dövründə belə Şərq mədəniyyətinin, Şərq düşüncəsinin elementləri bir neçə bölgəmizdə qalıb. Onların biri cənub, digəri isə Naxçıvan bölgəsidirsə, biri də Abşeron ətrafı və köhnə məhəllələrdədir. O vaxt qurulan ailələrə indiki gözlə baxmaq düzgün deyil. Müasir gənclər evlənərkən qarşı tərəfdən anlayış, diqqət gözləyirlər. Konflikt və boşanmaların doxsan faizi də elə bu gözləntilərdən doğur. Amma köhnə ailələrdə qadınla kişinin münasibətləri tamam başqa idi. Evin böyüyü vardı. Gəlin dərdini qayınanasıyla bölüşərdi. O da ehtiyac olardısa, oğluna deyərdi. Ərlə arvad arasında pərdə vardı. Münasibət sırf intim olub. Qadın uşaq dünyaya gətirib, ərinə, uşaqlarına, evinə qulluq edib. Kişinin işi isə pul qazanmaq, ailəni qorumaqdan ibarət olub. Bu məhəllələr kompakt mədəniyyətlərini 70 il sovet dövründə aparılan Qərb ənənəsi təbliğatının təsirindən qoruyub saxlasalar da, son on-on beş ildə qloballaşmanın təsirindən yan keçə bilməyib.

 

 

İlqar müəllimin dediyinə görə, köhnə məhəllələrin özünəməxsus mental dəyərlərindən biri də o olub ki, məhəllə uşaqları - qızlar və oğlanlar ancaq məktəb daxilində görüşüb danışarlarmış. Elə ki, zəng çalındı, dərs bitdi, qızların oğlanlarla danışması qadağanıymış. Təsadüfən küçədə, toyda rastlaşsalar belə, salamlaşmazlarmış. Qızla oğlan nişanlı deyildilərsə, məhəllədə bir yerdə görünməzlərmiş. Əks halda, cavan oğlan məhəllə gəncləri tərəfindən əzişdirilməyi gözə almalıydı.

 

Yazıçı bu adətlərin kənardan axmaqca görünsə də, o qədər də ziyanlı olmadığını deyir: “Ən azından məhəlləmizdə olan hər bir qız da özünü güvəndə hiss edirdi. Maraqlı məqamlardan biri odur ki, məhəllədə dağ kəndlərində olduğu kimi, qız qaçırma adəti olmayıb. İmkansızlıqdan hansısa qız oğlana qoşulub gedib, amma məcburiyyət olmayıb. Cavanlar sevib-seçib böyüklərin məsləhətiylə evləniblər”.

 

İlqar müəllim deyir ki, Sovet dövrünün “Sovetski”si 70 il öz mikro-mədəniyyətini qoruyan nadir məhəllələrdən biridi. Digərləri isə “Kubinka”, “Yasamal”, nisbətən “Papanin”di.

Bu adamlar sovet qanunlarından öz adət-ənənələri qoruyub saxlaya biliblər. Maraqlısı odur ki, bu məhəllələr paytaxtın ucqarında deyil, lap göbəyində olub. Bəlkə elə bu məhəllələrdə narkotikin asan əldə edilməsində də bu faktor önəmliydi.

 

- Mən gözümü açandan ətrafımda nəşə çəkən adamlar görmüşəm. Yüngül narkotik istifadəsinə məhəlləmizdən normal baxılardı. Narkotik araqla eyni tutulurdu. Hətta yaşlı nəsil sərxoşluğu daha pis sayırdılar, nəinki nəşə çəkəni. Başqa yerlərdə necə nəşəyə qəribə baxırdılarsa, bizim məhəllədə alkoqola elə baxılırdı. Məclisdə kimin ağzından araq iyi gələrdisə, bu ağsaqqallara qarşı hörmətsizlik kimi qəbul edilərdi. Arada bir milis yoxlama aparardı, amma bu yoxlamalarda heç bir narkotik satıcısı tutulmazdı. Məsələn, aşağı məhəllədə, Bakının mərkəzində narkotik satan olan kimi həbs edirdilər. Bəlkə də bu da sovet rejiminin bir siyasəti idi ki, məhəlləmizi içəridən dağıtsın. Amma bu sadəcə bizim fərziyyədir. Elə Amerikada da zəncilərin yaşadığı məhəllələrdə, narkotikin qiyməti digər məhəllələrdən çox ucuzdu.

# 3180
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar