Tarif (qiymət) Şurasının 2017-ci ilin 6 mart tarixində növbəti iclası keçirilmişdir. Tarif Şurasından Lent.az-a verilən məlumata görə, iDövlət İmtahan Mərkəzi tərəfindən göstərilən ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxılmış və müvafiq qərar qəbul edilib.
Dövlət İmtahan Mərkəzinin müraciəti və təklifləri nəzərə alınmaqla tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli müvafiq qərarları ilə təsdiq edilən qaydalara uyğun 9 qrup üzrə təsnifatlaşdırılmaqla imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirilib.
Tarif (qiymət) Şurasının iclasında ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətə uyğun olaraq, əhalinin sosial müdafiəsini daha da gücləndirmək, maddi vəziyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının təhsilini davam etdirməsini və insan kapitalının inkişafını təmin etmək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaq məqsədi ilə dövlət başçısının 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən, orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda ilk dəfə iştirak üçün müraciət etmiş ümumi təhsil müəssisələrini bitirən Azərbaycan vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin dövlət büdcəsi hesabına ödəniləcəyi qeyd edilərək, dövlət başçısının bu tapşırığının əhəmiyyəti xüsusi vurğulanıb.