<b>Həyasız Balaraz, qorxulu Seyid, 50 qəpiyin hökmü </b>- <span style="color:red;">HƏYATIN DİBİNDƏN
21 noyabr 2014 11:26 (UTC +04:00)

Həyasız Balaraz, qorxulu Seyid, 50 qəpiyin hökmü - HƏYATIN DİBİNDƏN

 

İlk dəfə dilənçi gördüyümün dəqiq tarixini xatılamıram, hardasa ötən əsrin səksəninci illəri idi bəlkə, mən çox-çox balacaydım.

Amma ilk gördüyüm dilənçi indi də gözlərimin qarşısındadır.

Balaca, belibükük, başında xaki rəngdə köhnə sovet əsgəri papağı, əynində də eyni rəngdə solğun, cırıq-cırıq, yamaq-yamaq sovet əsgəri buşlatı, ayaqlarında rəngi üstünün palçığından-tozundan bilinməyən şalvarının balaqlarını soxuşdurduğu qara rezin çəkmələr olan xırdabaş kişiydi.

Deyirdilər, dağ kəndlərinin birindən gəlir buralara hər həftə, deyirdilər dağ kəndlərinin birində ikimərtəbə evi, bağlı-bağatlı həyəti, qapısında maşını, ətrafında zırpı-zırpı oğul-uşağı var.

“Balaraz” deyirdilər ona. Adı beləydimi, ayamasıydımı, bilmirəm.

O hər dəfə həyət qapısında görünəndə nənəmin rəfiqələri deyinməyə başlayardılar: “ Hökumətin bolluq vaxtında yolçuluq eləyir, kül başına!”

Amma anam sakitcə hər dəfə 20 qəpik verirdi Balaraza.

Anam inanırdı ki, Balarazın etdiyi dualar onun balalarına yardım ola bilər.

Bir dəfə Balaraz yenə gəlib bükük belini qoca armud ağacına söykəyib 20 qəpiyini gözləyəndə anam evdə 20 qəpiklik tapmayıb, iki qızılı 5 qəpikliyi ona uzatmışdı. Balaraz 5 qəpiklikləri anamın ayaqları qarşısında yerə çırpmışdı, rəngi bilinməyən sovet əsgəri buşlatının ciblərini də elə ordaca yerə boşaldıb, anama bağırmışdı:

- Pulun yoxdu, denən yoxdu, daha məni ələ niyə salırsan beş qəpiklə? Acından ölənəm mən sənin üçün???

Anam yerində donmuşdu, 5 qəpiklərindən utanmışdı çox.

Nənəmin rəfiqələri Balarazı qovmasaydılar, anam xəcalətindən elə ordaca ölə bilərdi yəqin.

 

***

 

Həmin ərəfədə dağdakı ikimərtəbəli evindən düşüb gələn dilənçi Balarzla paralel bir tünd göy, uzun əbalı yekəpər seyid də gəlirdi kəndimizə. Onun da başqa yerlərdən gəldiyini deyirdilər. Qəribə zəhm vardı üzündə, nənəmin rəfiqələri onu görəndə yaşmaqlanırdılar, özləri anama qəpiklər verirdilər ki, seyidə versin, “Ağır seyiddi, deyirdilər, kim bilir, bəlkə İmam Zaman özüdü elə, axı o hətta belə seyidlərin simasında da gələ bilər evlərə, gərək xoş qarşılayasan, əliboş qaytarmayasan” deyərdilər.

Uşaqlar qorxardılar o göy əbalı, ağır seyiddən.

Mən də onu görən kimi evə qaçıb gizlənərdim, getməsini gözləyərdim.

Bir dəfə isə məhəllədə bir cavan qızı elə qorxulu zəhmi ilə tovlayıb mal tövləsinə tərəf aparanda atam görmüş, hay-küy salıb qovmuşdu.

O seyid də Balaraz kimi bir daha kəndimizdə görünməmişdi.

 

***

Sovetdən sonrakı ilk illərin müharibə vahiməsi, pulun hər gün ölməsi, kəpəkdən bişirilmiş çörək növbələri, mağazalardakı boş piştaxtalar, ilk sələmçilər, ilk şantajçılar, ilk fahişələr, ilk falçılar, ilk dilənçilər hamımızın yadındadır.

Uşaqlıq illərimizin ekzotik xatirəsi olan Balarazı xatırladan Əfqan döyüşçülərinə öz aramızda gülsək də, onların qan çanağı olan gözləri bizdə uşaqlığımızın vahiməsi olan ağır seyid kimi hürküdürdü.

Sonra biz ən müxtəlif ləhcələrdə danışan, ən müxtəlif diyarlardan gəldiyini söyləyən dilənçiləri çox gördük.

Gözlərimiz alışdı.

Hətta sovet televiziyasındakı konsertlərdən tanıdığımız bəzəkli, gitaralı, buruq saçlı, iri sırğalı, mahnı oxuyan, rəqs edən romantik qaraçı obrazı belə gözümüzdə öldü – zira, cır-cındır içində, bir dəstə kirli uşaqla küçələrdə dolaşıb, qəfil adamların üzərinə şığıyan və pul istəyən real qaraçıları görməyə başlamışdıq artıq.

Daha nənəmin rəfiqələri həyatda yox idilər.

Olsaydılar, “dilənçi gününə qaldıq” deyə deyinərdilər, əminəm.

 

***

 

İndi dilənçilər həyatımızın hər döngəsində rastımıza çıxırlar.

Cins geyinənləri, kepka qoyanları da var, kostyumda, qalstukda dolaşanları, şil-küt halıyla bir küncə qısılıb əlini açanları, mobil telefonunda mahnı dinləyəni, sosial şəbəkəyə girəni, qız tutanı, oğlan itirəni və s.

Mən, məsələn, şəhərimizdəki daimi dilənçiləri demək olar ki, hər gün görürəm və tanıyıram. Onları tanıdığım üçün də, şəhərdə yeni görünən hər dilənçini gözüm həmən tutur, doğma bədəndə yad cisim aşkar etmiş kimi diksinirəm.

Hansısa birisi yoxa çıxanda da hiss edirəm.

Məsələn, bir-birinin yanında əyləşən iki nənə vardı, onların biri keçən il yoxa çıxdı, öldü dedilər, indi o biri nənə hər gün bir ala-boz pişiklə birgə oturub dilənir eyni yerdəcə.

Daha bir nənəni hər gün kimlərsə hansısa rayondan gətirib poçtun yanında oturdurlar, yerdəki nimdərlərinin üstündə kimsəsiz pişik kimi büzüşüb əlini açır.

 

***

 

Hərdən bir sarışın, gənc, gözəl qadını da bir cavan kişi haralardansa gətirir, bir ağacın yanında saxlayıb, özü kənara çəkilir, aralıdan siqaret çəkə-çəkə izləyir.

Bir diliqüsurlu çevik dilənçi var, ara kəndlərdən birinin sakinidir, seyiddir deyirlər. Avtobusda sənə yaxınlaşıb, mütləq əlindəki dəmir qabdakı xırda pulları danqıldadacaq, özünü nə qədər məşğul göstərsən də, çiynindən tutub, “hı, hı” deyə qabı silkələyəcək. Bir dəfə əlimə ilk gələn qəpiyi ona uzatmışdım, 50 qəpiklik olduğunu, o, həmin pulu yuxarı qaldırıb, o üz-bu üzünə baxanda bildim, elə sevnirdi ki, duaları yağdı üstümə:” Toyun olar, bəbən olar, toyun olar, bəbən olar” deyə-deyə gah əliylə oynamağı, gah qarnını göstərib zorla anlatmağa çalışdı. Avtobusda hamı gülürdü, mənim uşaqlarım da.

Bir də bir sarı, arıq, uzun dilənçi var, yeddi ildir onu iki gündən bir görürəm, yeddi ildir, hər o görünəndə yanımda mütləq hansısa bir qadın səsi eyni cümləni deyir: - Narkomandı, ona pul verməyin, odey, o gün anası qarğış eləyirdi, kim oğluma pul versə, belə-belə olsun!”

Yeddi ildir, ən müxtəlif qadın səsləri eyni bir cümləni deyirlər.

Cəmi bir dəfə bir qadın səsi belə demişdi: “ Anası yazıq öləndən sonra bu uşaq məhv oldu, külbaş, neçə ildi küçələrdədi”.

Özü isə əlini açıb, boynunu büküb dil boğaza qoymur: “Yazığam, babalam, xəstəyəm, nə olar, iyirmi köpüy verin də, ay gəlin, ay bacı, ay qardaş...”

Hərdən onlar bir-birlərini eyni avtobuslarda görəndə deyinib qovurlar, fikir vermişəm, qaraçı qadınlar onlardan çəkinirlər.

İndi bizim şəhərdə qaraçı qadınlar və qızlar hicabla gəzirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1534

Oxşar yazılar