(Əvvəli bu linklərdə)
http://news.lent.az/news/199284
http://news.lent.az/news/198631
http://news.lent.az/news/198739
…Müharibə təzə qurtarmışdı. Gənc Ənvər SSRİ Xarici İşlər Nazirliyində sıradan bir vəzifədə çalışırdı. 23 yaşlı bir azərbaycanlının bu sistemdə irəli getməsi üçün isə həmin dövrdə bir məqam çox önəmliydi. Təsəvvür edin, bu yaşacan dünyanın gərdişini dəyişəcək proseslərdə iştirak et, amma karyeranda heç bir irəliləyiş olmasın. Səbəb ali təhsilin olmaması.
Əvvəl Molotovun, sonra da Vışinskinin SSRİ xarici işlər naziri olduğu dönəmdə Ənvər haqda nazirə çoxsaylı donoslar getməyə başlayır. İmzalı-imzasız yazılan bu donoslarda “hansısa savadı olmayan birisinin” XİN kimi dünyanı idarə edən bir qurumda çalışması qınanılır. Və günlərin bir günü onu nazirin yanına çağırırlar. Söhbət qısa olur: “Sənədlərini istənilən ali məktəbə ver, sən bizə lazımsan. Təki bu dedi-qoduya son qoyulsun”. Nazir Vışinski, məsələnin dahi rəhbərə çatacağından da ehtiyat edirdi əslində.
Gənc Ənvər heç bir tərəddüdsüz sənədlərini Moskva Dövlət Xarici Dillər İnstitutuna verir. 1953-cü ildə isə ali təhsil alması barədə diplomunu alır. Amma təhsil aldığı 5 il ərzində Ənvər Məmmədovu institutun auditoriyalarında bir neçə dəfə görürlər. Hətta bir dəfə fakültələrinin dekanıyla söhbəti qısa olmuşdu. “Daha gəlmə, işinlə məşğul ol. Diplom müdafiəsində çağıracağıq”. Buna baxmayaraq imtahanlarını əla qiymətlərlə verir. İnstitutu bitirən kimi təyinatla SSRİ radiosunun Beynəlxalq proqramlar redaksiyasına göndərilir. Daha dəqiqi, redaksiyanın baş redaktor müavini vəzifəsinə. Ənvər Məmmədov, ABŞ, Böyük Britaniya və Latın Amerikası dövlətlərinə yönəlik proqramları və verilişləri kurasiya etməli idi.
O, burada 1956-cı ilə qədər işləyir. Elə həmin il SSRİ xarici işlər naziri Şepilov onu yenidən XİN-ə çağırır. Məmmədov bu dəfə xüsusi missiya ilə ABŞ-a göndərilir. SSRİ-nin ABŞ-dakı səfirinin köməkçisi vəzifəsini tutan 33 yaşlı Ənvər, həm də “USSR” jurnalının baş redaktoru idi. Ta 1959-cu ilədək. Həmin il geriyə, Moskvaya qaytarılır. Bu dəfə SSRİ-nin bir nömrəli təbliğat ruporu “Sovetinformbüro” sədrinin birinci müavini təyin olunur...
***
...1962-ci ilin isti iyun günündə Məmmədov təcili Kremlə çağrılır. Onunla şəxsən Suslov görüşəcəkdi. Hə, həmin Suslov, SSRİ-nin baş ideoloqu, Kremlin kluarlarında “boz kardinal” ləqəbi daşıyan Mixail Andreyeviç Suslov.
Niyə?
Nə üçün?
Hamı bu müəmmanı çözməkdəykən, Kremldə Ənvər Məmmədova ağlasığmaz təklif gələcəkdi: 39 yaşlı Ənvər Məmmədov SSRİ Teleradio Komitəsi sədrinin 1-ci müavini təyin edilir.
Amma bu onların ilk görüşü olmayacaqdı. 1973-cü ilin yenə yay günlərinin birində Ənvər Məmmədov Kremlə çağrılacaq, bu dəfə Suslovun ciddi iradlarıyla rastlaşacaqdı. Amma SSRİ-ni idarə edən “boz kardinalı” inandıra biləcəkdi… Amma buna hələ 11 il vardı...
***
1964-cü ildə SSRİ qərb radiolarının antisovet təbliğatına qarşı dirəniş gətirmək üçün “Mayak” radiostansiyasını təsis etmək qərarın gəlir. Radionun yaradılması işi də məhz Ənvər Məmmədova tapşırılır. Kremldə isə bu qədər vacib və məsuliyyətli işin azərbaycanlıya tapşırılması ilə barışa bilmirlər. Bundan başqa, televiziya və radioda odlu-alovlu çıxılar etməyə öyrənmiş və buna görə külli miqdarda qonorar alan Kreml məmurları Məmmədovun təklif etdiyi “Xəbər-musiqi-əyləncə” layihəsini sinirə bilmirdilər. Yenə də donoslar, imzasız məktublar. Amma Məmmədov Kremldə hamını inandıra bildi. Qərbin Qabağına belə çıxmalıyıq, əks halda “Mayak”ın dövlət radiosundan nə fərqi olacaq? Ona şans verirlər. Və 1 avqust 1964-cü ildə “Mayak”dan ilk translyasiya başlayır. Həmin vaxt evdə, tarlada, şaxtada, qatarda…bir sözlə hər yerdə insanlar “Mayak”a qulaq asırlar. Bu, məhz onun uğuru idi…
***
1967-ci ildə rejissor Aleksandr Zarxi Tolstoyun “Anna Karenina” romanının motivləri əsasında eyni adlı bədii televiziya filminin çəkilişlərinə başlayır. İlk baxışdan burda qeyri-adi heç nə yoxdur. Amma… Amma günlərin bir günü, yəni yaradıcı heyət hələ formalaşmamış Ənvər Məmmədovu Kremlə çağırırlar. Ona bildirilir ki, bu filmdə Sofi Loren də çəkilmək istəyir. Təbii ki Anna Karenina roluna. Məhz bu rola görə, ilkin tanışlıq üçün Sofi Loren Moskvaya da gəlib. Məşhur aktrisa, İtaliya səfirliyinin nümayəndəsi və Məmmədov Moskvanın mərkəzindəki xudmani restoranların birində şam yeməyində görüşürlər. Ordan - burdan söhbət edəndən sonra səfirlik əməkdaşı mətləb üstünə gəlir. Ənvər Məmmədov onu diqqətlə dinləyir. Sonra isə özü sözə başlayır. Sofi Lorenin ünvanına xeyli təriflər söyləyir. Amma sonda şam yeməyi qarşı tərəfdəkilər üçün az qala zəhrimara çevrilir:
“Mən ona dedim ki, siz çox gözəlsiz, və çox istedadlısınız, amma mən sizin Anna Karenina rolunda çəkilməyinizə razılıq verə bilmərəm. Bilirsinizmi niyə? Çünki rus qadınları bunu mənə bağışlamaz. O, əvvəlcə heç nə başa düşmədi. Mən hazırlıqlı gəlmişdim. Bir neçə sovet aktrisasının şəklini stolun üstünə qoydum. Və bir daha dedim ki, baxın, bu aktrisalar məni bağışlamaz. Heç nə demədi. Gülümsündü.
Amma çox pərt olmuşdu, inana bilmirdi ki, Brejnevin sevdiyi birisinə belə cavab qaytararlar.Biz çox mehribanlıqla ayrıldıq. Filmə isə Tatyana Samoylova çəkildi. Bənzərsiz, gözəl Tanyuşka”.
***
Zaman 1969-cu il. SSRİ Teleradio Komitəsinin sifarişi ilə “Baharın 17-ci anı” 12 seriyalıq bədi filmini çəkilişlərinə başlanılır. Bu, o dövr üçün çox böyük layihə idi. Film 1973-cü il mayın 9-da, Qələbə günü ekranlara çıxmalıydı. Bir qədər irəli gedib deyək ki, film vaxtından əvvəl hazırlandı, amma həmin ərəfədə SSRİ rəhbəri Leonid İliç Brejnev AFR-ə səfər etdiyindən filmin nümayişi mayın 9-da baş tutmamışdı.
12 seriyalı və sözün həqiqi mənasında möhtəşəm bir film olan “Baharın 17 anı” hələ Suslovun dəmin senzurasından keçməmişdi. Filmi SSRİ-nin baş ideoloquna göstərirlər. “Boz kardinal” 12 seriyanın hamısına bir-bir, özü də çox diqqətlə baxır. Və...Ənvər Məmmədovu yanına cağırır. Ona qəti şəkildə bildirir ki, film bu vəziyyətdə ekranlara çıxa bilməz. Səbəbini isə belə izah edir ki, alman faşistləri filmdə çox ağıllı və tədbirli göstərilib.
Məmmədov Suslovun xarizması qarşısından çəkilmir. “Çox hikkəli idi. Amma ona başa saldım ki, alman faşistləri bəşəri cinayətlər törədiblər və buna görə də layiqli cəzalarını alıblar. Dedim ki, hə, cəlladdırlar, on milyonlarla sovet insanının ölümünə bais olublar. Amma Mixail Andreyeviç, onlar həm də vuruşublar. Ağılları olmasaydı, Volqaya, Moskvaya qədər gəlib çıxmazdılar. Biz isə bu filmdə sovet kəşfiyyatının nə qədər üstün olduğunu nümayiş etdirmişik. Ki, baxın, bizlər belə hiyləgər düşmənə qalib gəldik. Onun içərisinə doğru yeridik və onları ifşa etdik. Suslov filmə bir də baxacağını dedi”.
Hə, boz kardinal filmə bir də baxır. Bəzi xırda epizodları çıxarandan sonra filmin nümayişinə icazə verilir. 1973-cü il avqustun 11-də filmin ilk seriyası Mərkəzi Televiziya ilə nümayiş edilir. Film o qədər uğur qazanır k, iki aydan sonra sovet tamaşaçılarının xahişi ilə yenidən göstərilir. Odu, budu “Baharın 17 anı” əfsanəsinə hələ də ən sevimli filmlərimiz sırasındadır. Hə, yaddan çıxmamış bir faktı mütləq qeyd edək. Ənvər Məmmədov deyir ki, film ilk dəfə nümayiş olunduqdan sonra, vur-tut bir həftə ərzində rejissor Tatyana Lioznova on minlərlə məktub alıbmış. Və o, bütün məktubları oxuyubmuş.
(Bu yazı Səba Şirkətinin dəstəyi ilə hazırlanıb )
(Ardı olacaq)
Səbuhi Məmmədli, Moskva