Bəzi insanlar düşünürlər ki, keçmiş partnyorlarını "itaətsizlik" üçün cəzalandırmaq hüququna malikdirlər. Narsistlə münasibətdən çıxmaq çox vaxt uzun və əziyyətli bir yolun başlanğıcına çevrilir. Bir çox insan toksik münasibətlərdə qalır, çünki ayrılmaq daha çətin olacaq deyə qorxurlar və azadlığa doğru atılan addım bir sıra "cəzaları" özündə ehtiva edə bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, psixi sağlamlıq və rifah sahəsində lisenziyalı peşəkar məsləhətçi, travma, narahatlıq və kədərin müalicəsində ixtisaslaşmış elm magistri Ceymi Kennonun sözlərinə görə, ayrılıqdan sonra nə ilə üzləşəcəyini bilmək qurbanın hazırlıqlı olmasına kömək edir. O, Psychology Today üçün yazdığı məqaləsində qeyd edir ki, narsistlər manipulyasiya obyektinin hesabına yaşayırlar və o əlçatmaz olduqda, onların davranışları həqiqətən dəhşətli ola bilər. Təəssüf ki, narsisti təhlükəsiz şəkildə tərk etmək demək olar ki, mümkünsüzdür. Əvvəlcə onlar yaltaqlanmağı, boş vədlər verməyi və ya hətta hədələməyi seçə bilərlər ki, sizi qalmağa məcbur etsinlər.
Qurban güclü qalmalıdır, çünki bu, azadlığa aparan ilk addımdır. Lakin ayrıldıqdan sonra belə narsist sizi rahat buraxmayacaq: onlar hər cür yolla əlaqə axtara bilərlər – zəng etməklə, iş yerinizə, evinizə və ya dostlarınıza gəlməklə, tanışlardan sizi harada və nə etdiyinizi öyrənməklə. Sadəcə nömrəni bloklamaq kifayət etmir. Qurban hər bir təmas cəhdini dəf etməyə hazır olmalıdır. Eyni zamanda, narsist dərhal "qurban" roluna girərək ətrafdakılara bütün problemlərin səbəbi kimi sizi göstərir. Onlar öz səhvlərini etiraf etmir və getmək qərarınızı heç vaxt bağışlamırlar.
Əksər narsistlər düşünür ki, hər şeyi hamıdan yaxşı bilirlər. Qurban öz həyatını seçdiyi anda narsist bunu "itaətsizlik" kimi qəbul edir və onu cəzalandırmaq hüququ olduğunu düşünür. Onlar təhqir edə, izləyə, hədələyə bilərlər, amma heç vaxt öz davranışlarının əsl səbəblərini qəbul etməzlər, əksinə, günahı qurbana yükləyərlər. Ayrılıqdan sonra narsist daim sizin barənizdə düşünür və danışır. Siz onun üçün fiksasiyaya çevrilirsiniz: necə oldu ki, getdiniz, niyə daha yaxşı bir vəziyyəti seçdiniz, nə qədər vaxt lazım olacaq ki, "siz onların lazım olduğunu anlayasınız". Bu hisslər obsesiyaya çevrilə və illərlə davam edə bilər, hətta qurban bundan xəbərsiz olsa belə.
Narsistdən üzr gözləməyin. Hər hansı bir izahat cəhdi və ya "problemləri birlikdə həll etmə" təklifi faydasızdır: onların gözündə həmişə günahkar qurban olur, çünki o, tələblərinə tabe olmaqdan imtina edib. Narsistin dünyagörüşü sizinkindən fərqlidir. Onlar münasibətlərdə nə empatiyanı, nə də qarşılıqlılığı dəyərləndirirlər – insan onlar üçün yalnız məqsədə çatmaq vasitəsidir. Buna görə də ayrılmağa qərar verən qurban azadlıq uğrunda mübarizəyə hazır olmalıdır, – Kennon yazır. Bu mübarizə əziyyətli olacaq, amma münasibət daxilindəki döyüşlərdən yaxşıdır.
"Əgər nəyin gözlədiyini bilsəniz, bu müharibəni apara bilərsiniz – və sağ qalmağınıza kömək edəcək insanları və resursları ətrafınıza toplaya bilərsiniz. Digər tərəf əlçatandır və siz ora çatacaqsınız, amma həyatınızın ən böyük mübarizəsinə hazır olun. Siz narsisti tərk edə bilərsiniz, amma o sizi heç vaxt tərk etməyəcək".