Bu gün Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Macarıstanın “İnnovativ Kommunikasiya Fondu”nun rəhbərliyində təmsil olunan Adam Horvat, Balazs Szabo və Əhməd Barışçı ilə görüşüb.
Şurasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şuranın dəstəyi ilə Fondun Ermənistan-Azərbaycan münaqişəsi haqqında çəkməyə başladığı film haqqında məlumat verən nümayəndə heyətinin üzvləri səfərin mövzu ilə tanışlıq xarakteri daşıdığını bildirərək, ssenari üzərində işin konkret faktlara söykənərək davam etdirilməsi üçün ölkəmizdə keçirəcəkləri çoxsaylı görüşlərin mühüm əhəmiyyəti olduğunu vurğulayıblar.
Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri və törətdiyi faciələr barədə qonaqlara məlumat verən Şura sədri, millət vəkili Azay Quliyev filmin real faktlara istinad edərək Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə daha geniş miqyasda və dolğun şəkildə çatdırılmasına yardım edəcəyinə ümidvar olduğunu bildirib.
Azay Quliyev həmçinin münaqişə ilə bağlı qəbul edilən beynəlxalq sənədlərə istinad edilməsinin və müxtəlif ölkələri təmsil edən ekspertlərin filmdə yer almasının faydalı olacağını qeyd edib.
Xatırladaq ki, filmin yaradıcı heyəti qaçqın və məcburi köçkünlərlə, sağ qalmış Xocalı sakinləri ilə, münaqişəni araşdıran qurumların nümayəndələri və ekspertlərlə görüşmək, eləcə də cəbhə bölgələrinə səfər etmək niyyətindədir.