Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni aparat rəhbəri təyin olunub.
APA-nın məlumatına görə, Etibar Abdullayev Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Aparat rəhbəri vəzifəsinə təyin edilib.
İndiyədək bu vəzifədə Məhərrəmov Məhəmməd Yusif oğlu çalışıb.
E.Abdullayev 1969-cu ildə Şuşa şəhərində anadan olub. Orta təhsilini Şuşa şəhərində 2 saylı orta məktəbdə alıb. Azərbaycan İqtisad Universitetinin İqtisadi və sosial idarəetmə fakültəsini və Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1991-ci ildən başlayıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daimi Yaşayış Yerlərini Məcburi Tərk etmiş şəxslərlə iş üzrə Dövlət Komitəsində, daha sonra Nazirlər Kabinetində müxtəlif məsul vəzifələrdə çalışıb.
1998-ci ildən Azərbaycan Respublikası Milli Məclis Aparatında müxtəlif vəzifələrdə dövlət qulluğunda olub. Dövlət qulluğunun baş müşaviridir. 2006-cı ildən 19 saylı Nərimanov birinci Dairə Seçki Komissiyasının sədri vəzifəsində işləyib.