Milli Qəhrəman Murad Mirzəyevin həyat yoldaşı: Cənazə gətiriləndə hamı gözləyirdi, yıxılacam, yıxılmadım, Muradı alqışla qarşıladım”
Bu ilin aprelində ordusu ilə baş verən 4 günlük müharibənin qəhrəmanlarından biri də polkovnik-leytenant, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Murad Mirzəyevdir. Murad Telman oğlu Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olmuş, 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirmişdi. O, ABŞ, Rumıniya, İordaniya kimi ölkələrdə təlimlər keçmişdi.
Uşaq vaxtından hərbçi olmağı arzulayan Murad doqquz illik təhsilini tamamladıqdan sonra 14 yaşında Cəmşid Naxçıvanski adına hərbi məktəbə imtahan verir. İmtahanlardan uğurla keçib məktəbə qəbul olur. C. Naxçıvanski adına hərbi məktəbdən məzun olandan sonra Murad Türkiyəyə, Quru Qoşunları Ali Hərbi Məktəbinə yollanır. Oradan qayıdıb Azərbaycanda hərbi xidmətə başlayır.
Muradın hərbi sahəyə, vətənə olan sonsuz sevgisini görən komandanlıq onu təkrar Türkiyəyə - İstanbulda əlavə hərbi təhsil almağa göndərir. Yenidən Azərbaycana qayıdan Muradı bu dəfə də ABŞ-a, iki illik kursa göndərirlər. Murad “Renger” kursunu bitirən ilk və yeganə azərbaycanlı kimi tarixə düşür. Oradan qayıdandan sonra isə İordaniyaya göndərilir. Vətənə peşəkar hərbçi kimi qayıdan Murad Gəncə şəhərində “N” saylı hərbi hissədə hərbi xidmətə başlayır. Murad ən böyük arzularından birinə çatır. Xüsusi Təyinatlı Qüvvələrin zabiti olur. Pillə-pillə qalxaraq hərbi hissə komandiri olur. Polkovnik-leytenant rütbəsinə qədər yüksəlir.
Xidmətə başlamasının onuncu ilində Murad Mirzəyev ilk mükafatını alır: “Qüsursuz xidmətə görə” medalı 3-cü dərəcə. Bundan sonra Murad Mirzəyev daha bir neçə medalla təltif olunur: “Qüsursuz xidmətə görə” medalı 2-ci dərəcə, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı 3-cü və 2-ci dərəcə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalları və “Qızıl Ulduz” medalı. O sonuncu medalını isə Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub şəhid olduğuna görə alıb: “Azərbaycanın Milli Qəhrəmanı” – Murad Mirzəyev.
**
Həyat yoldaşı Fizzə xanımla 2004-cü ildə təsadüf nəticəsində tanış olublar. Tibb Universitetinin qarşısında. Murad o gün dostu ilə birgə oraya gəlibmiş. Dostunun həyat yoldaşı Fizzənin də yaxın rəfiqəsi olub.
Həyat yoldaşı Fizzə xanım həmin günü nəql edir: “Murad hərbi geyimdəydi. Onda kapitan idi. Həmin gün tanış olduq. Ata-anamdan xəbərsiz bir addım belə atmazdım. Murad da bunu bilirdi. İlk elçiliyi özü edib. Atamın iş yerinə gedib özünü təqdim etmişdi”.
Onun bu hərəkəti Fizzənin atasının xoşuna gəlir və qızının Muradla görüşməsinə icazə verir. Elə həmin ilin aprel ayında nişanlanırlar.
“Murad heç kimdən asılı olan biri deyildi. Bu da Muradda ən çox sevdiyim cəhətiydi. Evlənəndə onun 28, mənimsə 24 yaşım vardı. Ailəmin maddi vəziyyəti də yaxşıydı. Buna baxmayaraq, mən Muradla bir otaqlı evdə yaşamağa razılaşdım. Gəlinlik paltarında hərbi şəhərciyə getməyim deyə atam evinə gəlib paltarımı dəyişib sonra getdik. 6 il şəhərdən kənarda - hərbi şəhərcikdə bir otaqlı evdə yaşadıq. 2010-cu ildə ikinci övladım olandan sonra bizi 3 otaqlı evə köçürdülər. Muradla yaşadığım o illəri heç nəyə dəyişmərəm! O qədər xoşbəxt olmuşam ki... Ailə quranda Murad mənə işi haqda hər şeyi dedi. Hərbçi başqadır, xüsusi təyinatlı başqa. Onda cavanıydım. İllər ötdükcə onun nə demək istədiyini başa düşdüm. Hər gün səhər saat 5-də işə gedər, axşam 9-da gələrdi. Nə qədər yorğun olsa da, mənimlə söhbət edərdi. Xaraktercə kövrəyəm. Bu da Muradın heç xoşuna gəlməzdi. Daima məni danlayardı. Deyirdi, sən hazır olmalısan. Murad məğrur insan idi. Deyirdi, şəhid olsam, məni layiq olduğum şəkildə qarşılayarsan”.
Ərinin bu sözlərindən sonra Fizzə özünü o günə - Muradın şəhid olacağı günə hazırlamağa başlayır.
“Başa düşürdüm ki, Murad hər an şəhid ola bilər. Mən onun üç rəngli bayrağa sarılmış cənazəsini qarşılaya bilərəm”.
Qarşılayır da.
“Aprelin 4-ü xəbər çıxdı ki, Muradgilin taboru ilə əlaqə kəsilib. Ailəm dəydi bir-birinə. Uşaqlarımı dərhal evdən göndərdim ki, bu təşvişin içində olmasınlar. Ayın 4-dən 10-dək telefonum susmadı. Hər dəfə zəng gələndə ürəyim yerindən qopurdu. Bir ara xəbər gəldi ki, Murad hospitaldadır, yaralıdır. İnanmadım... Murad yaralı da olsaydı, birinci mənə zəng edərdi. Onun üçün nə qədər narahat olduğumu bilirdi. Onun yolunu gözlədiyim o günlər indikindən daha çətin idi mənə. Oturmuşam evdə, kimsə zəng edir ki, başın sağ olsun. Təsəvvür edirsiniz, nə hala düşürdüm?! Cənazəsi evə gəlməyincə o sözü heç kimdən eşitmək istəmirdim. Ailəmi yığdım başıma, dedim ki, mənim yoldaşım elə-belə adam deyil. O, polkovnik-leytenantdır. Əgər onun başına nəsə iş gəlibsə, bu xəbərin çatdırılacağı ilk adam mənəm. Onun cənazəsi mənim evimə gələcək. O vaxta qədər ki, gəlməyib və mənə heç kim heç nə deməyibsə, mən oturub gözləyəcəm!”
Aprelin 10-u, axşam səkkiz radələrində Fizzəyə xəbər gəlir...
“Həmin günü səhərdən ürəyim sıxılmağa başladı. Nəfəsim çatmırdı. Ailəm məni otağa çağırıb dedi, Muradın cənazəsini gətirirlər. Dedim, icazə verin uşaqlarımı evdən çıxarım. İstəmirdim, atalarının tabutunu görsünlər. Uşaqlara heç nə hiss etdirmədən, əyinlərini geyindirib göndərdim. Cənazə gətiriləndə hamı gözləyirdi ki, mən yıxılacam. Amma yıxılmadım. Qapının ağzında durdum, Muradı alqışla qarşıladım. Layiq olduğu kimi... Ölümündən sonra ona Milli Qəhrəman adı verdilər. Amma Murad tanış olduğumuz gündən bəri mənim qəhrəmanım idi. Bu gün fikirləşirəm ki, mən necə dözmüşəm?! Necə yıxılmamışam?! Mənə elə gəlirdi ki, onları yaşayan mən deyiləm, başqasının yuxusudur. Bilirsiniz, o qədər çətin idi ki... Murad daima cəbhə xəttinə gedib gələn adamıydı. Həmişə çətinliklərlə üzləşib. Dəfələrlə ölümlə burun-buruna gəlib. Biz ona “odda yanmaz, suda batmaz” deyirdik. Martın 28-i tez gəlmişdi evə. Nurlanla Dəniz xəstələnmişdilər deyə məktəbə göndərməmişdim. Birlikdə yemək yedik, dedik-güldük. Uşaqları öpdü, qucaqladı elə getdi...”.
Anasını və bacısını oğlu Nurlana əmanət edib gedir.
“Həmişə harasa gedəndə bizi Nurlana tapşırırdı. Deyirdi, sən evin kişisisən. Mən onu gülə-gülə yol saldım. Qapı açıldı, cənazəsi girdi içəri. Elə bilirdim, dözə bilmərəm. Amma Allah insana elə güc verir ki... Hələ də Muradın şəhid olduğuna inanmıram. Hər gün yolunu gözləyirəm. Elə bilirəm, Murad gələcək. Hər onu fikirləşdiyim gün, yuxuma gəlir. Həmişə yuxuma girəndə Muradın üzü gülür, üzündə də nur olur. Muradın cənazəsini onun ən yaxın dostu gətirdi. Dedi, Murad tutduğu mövqedən bir addım geri çəkilmədən son damla qanına qədər Vətən uğrunda vuruşaraq qəhrəmancasına şəhid olub!
Ayağından yaralansa da, döyüş meydanını tərk etməyib. Yaralı döyüş yoldaşlarını ordan çıxarsa da, özü son ana qədər mövqeyində qalıb. Bu mənim üçün hər şeyin cavabıdır. Bu yolu Murad özü seçib, özü istəyib. Mən onun istəyinə qarşı nə deyə bilərəm?! Muradın Türkiyədə məzun olduğu hərbi məktəbin foyesinə şəklini qoyublar. Şəklin altına Muradın tələbə yoldaşları ürək sözlərini yazıb. Biri Muradı “Şeyx Şamil”, digəri “Qafqazın qartalı” adlandırıb. Məktəbi bitirəndən sonra bir il İzmirdə motoatıcılıq üzrə komandir işləyib. Muradın həyatda tək amalı hərb olub. Harasa gedəndə maşını bərk sürdürürdü. Evdən çıxanda ona deyərdim ki, Murad, sən hərbçisən. Sənə şəhid olmaq yaraşar, qəzada ölmək yox”.
Polkovnik-leytenantın döyüş yoldaşlarının sözlərinə görə, Murad Talış kəndi uğrunda gedən döyüşlərdə son damla qanına qədər vuruşub. Tutduğu mövqeni əldən verməyib. Sonuncu yaralı döyüş meydanından çıxana qədər səngərdən çəkilməyib. Və qəhrəmanlıqla həlak olub.
Son yazışma...
“İş vaxtı ancaq “WhatsApp”la əlaqə saxlayardıq. Martın 31-i onun doğum günüydü. 40 yaşı tamam olurdu. Aprelin 2-nə qədər biz onunla əlaqə saxladıq. Qızıyla, oğluyla danışırdı. Səsli mesaj göndərirdi. Ayın 2-si cəbhədən xəbərlər gələndə mən ona yazdım ki, Murad, irəliləmisiniz? Yenə mənə heç nə demədi. Yazdı ki, elə şey danışma. Əlavə sual vermədim. Eləcə yazdım, “harda olursan ol, təki, sağ-salamat evə gəl!” O da “yaxşı” yazdı. Ayın 3-ü əlaqəmiz kəsildi. Yazdıqlarım ona çatmırdı, telefonu sönülüydü. Səhəri gün də Muradın xəbəri gəldi.
...Murad işdən nə qədər yorğun gəlsə də, uşaqlarına vaxt ayırardı. Yemək yeməmiş onlarla oynayardı. Axırıncı gün uşaqlara leqo almışdı. Uşaqların otağında yerdə uzanmışdı. Uşaqları da başına yığmışdı. Onlara leqodan təyyarə düzəltdi. Nurlanla Dəniz rəqsə gedirdi. Ürəyi gedirdi ki, onlar rəqs eləsin, bu da baxsın. Deyirdi, qızım daha yaxşı oynayır. Çox qayğıkeş ataydı. İşdən bir saat vaxt tapan kimi bizi gəzməyə aparardı. Bu yay Göl-Gölə aparacaqdı... Keçən yaydan, elə hey, deyirdi”.
Dənizin 5, Nurlanın isə 7 yaşı var. Atalarının öldüyünü isə hələ də bilmirlər. Onlar bu gün də atalarının yolunu gözləyirlər.
“Nurlan başa düşür. Nə qədər onu qorusam da, ətrafda baş verənləri görür. Sadəcə, necə ki, mən “ölüm” sözünü dilimə gətirmirəm, eləcə də o. “Milli Qəhrəman” medalını alanda Nurlanı da özümlə aparmışdım. Orda məndən soruşdu: “Mama, niyə atama deyirlər “ölümündən sonra?”. Dedim, Nurlan, bir az da böyü, hər şeyi sənə başa salacam. Bu gördüklərini yaxşı yadında saxla, amma hələlik sual vermə. İstəmirəm uşaqlarım uşaqlıqdan travma alsın. Onlar hələ çox balacadır. Mən onlara necə deyim “ata daha gəlməyəcək”, “ata ölüb?! “Ölüb” sözünü onların ağzından eşitmək istəmirəm. Qoy atalarını xoş xatirələrlə xatırlasınlar. Dünən Dəniz yenə atasını soruşurdu. Nurlan da israr edir ki, atama zəng elə, danışım. Hamının qarşısında güclü durmuşam. Amma övladlarımın qarşısında acizəm. Onların suallarına cavab tapa bilmirəm. Dilimin ucuna qədər gəlir, baxıram üzlərinə, dilim gəlmir deyəm “atanız ölüb”. O gün baxıram, Dəniz Muradın şəklini necə öpür. Yaxşı ki, onlar var. Muradın iyini onlardan alıram. Dənizin barmaqlarına baxıram, eyni Muradınkılardı. Hərdən Nurlan Muradın ətrindən vurur. O an elə bilirəm Murad gəlib. Ürəyim doludur. Kaş möcüzə olaydı, bir saatlıq Murad gələydi. Murad mənim rahatlığım idi. İçimdəki rahatlığı da apardı özüylə. Aylardı yuxu nədi bilmirəm. Hər beşinci gün kino günümüz idi. Dənizi bağçadan, Nurlanı məktəbdən gətirirdim və başlayırdım axşama hazırlıq görməyə. Şirniyyat bişirirdim. Murad işdən gələndə ailəvi kinoya baxırdıq. Ən çox komediyaya baxardıq. Uşaqlar güləndə Murad elə sevinirdi. İndi o otağa girə bilmirəm. Küsmüşəm. Cənazə gələnə qədər evimə xeyli adam gəldi-getdi. Deyirdim, ay Allah, kaş qapı açılaydı, Murad içəri girəydi. Hamını evdən çıxaraydım, özümüz qalaydıq. Ailəmi qollarımın arasına yığaydım, bütöv olaydıq. Çox çətindi. Tükənmişəm”.
Murad Mirzəyev aprelin 11-də Bakıda – II Fəxri Xiyabanda dəfn olunub. Aprelin 19-da isə o, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Allah rəhmət eləsin!
Yazı “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.