<b>“Nəşəli mahnılara” niyə qulaq asırlar? </b>
14 sentyabr 2014 11:52 (UTC +04:00)

“Nəşəli mahnılara” niyə qulaq asırlar?

 

“Nəşəliyəm, siz mənə əl vurmayın,

Çıxın gedin, kayfımı sındırmayın,

Çəkmirəm siqar, siqaret, tənbəki,

Mən çəkirəm “tolka” Bakı Kazbeki”.

 

Bu,  hər gün ictimai nəqliyyatda, küçələrdə, dükanların önündə dinlədiyimiz mahnılardan birinin sözləridi. Narkotiki, “avtoş”luğu, “oğru dünyası”nı təbliğ edən bu cür mahnı, meyxana və şeirləri hər gün minlərlə insan dinləyir. Daha doğrusu məcburi dinlədilir. İstədik, istəmədik...

 

***

 

 

“Bu tip mahnılardan ibarət diskləri yaxşı satılır”. Bunu Nərimanov metrosatansiyası yaxınlığında disk satışı ilə məşğul olan Nurlan Əliyev deyir. Onu da deyir ki, cavan-cavan uşaqların ən çox dinlədiyi, gəlib soruşduğu da elə belə musiqilərdir.

 

“Elə olur gündə 20 ədəd meyxana, “oğru dünyası”na aid disk satırıq. Hələ dörd-beş il bundan əvvəl satışımız daha çox olurdu. İndi internetdən çoxu özü götürür. Yadıma gəlir ki, 3-4 il əvvəl Aydın Xırdalanlının “Çək nəşəni, qoy, tüstüsü dağlara yayılsın” qafiyəli meyxanasının iki yüzdən çox diskini satmışdım”.

 

 

“Bizim cavanlığımızda bu tipli mahnılar yox idi. Uzağı “Məsti-xumar” mahnısına qulaq asırdıq. Onu da gizlicə ki, camaat deməsin bunlar şəraba, meyə maraq salıblar. İndi isə rahatlıqla nəyə gəldi qulaq asırlar”.  Bakı sakini Rauf Qədirov deyir ki, kimlərsə bu disklərdən yaxşı pul qazanır, amma əvəzində uşaqların psixologiyası pozulur.

 

- Əslində, belə mahnıların satışı, studiyada yazılışı qadağan olunmalıdır. Ya da ki, ictimai yerlərdə bu tipli mahnılar səsləndirilməməlidir” deyir Rauf dayı.

 

 

 

***

 

Maraqlıdır ki, internetdə bu tip mahnıların izlənmə sayına baxdıqda, Nurlanla razılaşmalı olursan. Məsələn, meyxanaçı Aydın Xırdalanlının Bakı toylarının birində açdığı aşağıdakı bu qafiyə ilə müşayiət olunan meyxanaya  76 mindən çox qulaq asılıb.

 

Çək nəşəni, qoy tüstüsü dağlara yayılsın,

Qoy orda yatan qəfil ilanlarda ayılsın.

 

 

 

 

Digər meyxanaçı Tahir Ümidin toy məclislərinin birində ifa elədiyi mahnı da internetdə çox izlənilənlər arasındadır. Mahnının sözləri isə belədir:

 

- Nəşə, səni icad eləyən zalım adamdı,

Yox-yox, səni icad eləyən alim adamdı.

 

 

Meyxanaçı deyir ki, o misralarda dolayı yolla dinləyicilərinə alim və şairlərin zaman-zaman nəşə çəkdiyini, məhz narkotikin təsiriylə əsərlərini yazdığı mesajını ötürür.  

 

Sitat: “Həkimlər də bundan istifadə edirsə, deməli bunu icad edən adam alim adamdır”.

 

Bəstəkar Elza Seyidcahan isə deyir ki, bu cür musiqi yazanları qınamaq lazımdır.

 

“Tələb var deyə, narkotikə aid mahnı yazırlar. Bunu dinləyən adamları əslində qınamaq lazımdır. Mən bu cür mahnıları dinləməmişəm, dinləmərəm də. Mahnı yazmaq qalsın, bu barədə danışmaq belə düzgün deyil. Orta məktəbi bitirməyən, universitet üzü görməyən şəxsləri bu cür mahnıları oxuda-oxuda məşhur edirlər. Azərbaycanın dünyada muğamı, operası, cazı ilə məşhurdur. Daha belə ucuz musiqilərlə yox”.

 

 

Psixoloq Tariyel Faziloğlu da narkotiki təbliğ edən mahnı və meyxanaların gənclərə mənfi təsir etdiyini deyir: “Belə ki, yeniyetməlik və erkən gənclik dövründə insanlarda özünü təsdiq və artıq böyüdüyünün isbat edilməsinə ehtiyacı yaranır. Bu tip mahnılara qulaq asmaqla, özlərini böyük hiss edən gənclərdə aludəçilik yaranır. Nəticədə bu musiqilər gənclərin alt şüuruna daxil olur, onlarda "əyləncə" dünyasına meylilik əmələ gətirir, yeniyetmələrdə narkotikə və cinayətə həvəs artır”.

 

 

 

Psixoloqun sözlərinə görə, bu musiqilərin özləri narkotik maddə rolunu oynayaraq yeniyetmə və gənclərin beyinlərinin dumanlandırır, onları narkotikə və cinayətə sövq edir: “Bunun çox gözəl bilən narkotik ticarətçiləri adətən bu tip mahnıların yaranmasında maraqlıdırlar. Bu problemin həlli üçün dövlət səviyyəsində ciddi şəkildə kompleks tədbirlərin icrasına ehtiyac var”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2053
avatar

Səlcuq Elçin

Oxşar yazılar