[b]“Bu daşların sirrini ancaq almanlar aça bilər”[/b] - ƏYALƏTDƏ KİM VAR, KİM YOX
24 avqust 2015 16:05 (UTC +04:00)

[b]“Bu daşların sirrini ancaq almanlar aça bilər”[/b] - ƏYALƏTDƏ KİM VAR, KİM YOX

 

Gədəbəydə, meşə içindəki kilsənin tarixi haqda bizə məlumat verən 93 yaşlı İkram müəllimin yaxın dostu, rayonda hamının yaxşı tanıdığı, qeyri-adi insan Katibli Ələkbərlə də tanış olduq. Nizami müəllim onun bizə belə təqdim elədi: şəxsi kitabxanasında minlərlə kitabı olan kişi bax, budur.  

Saçlarının dümağ olmasına baxmayaraq Ələkbər kişi çox gümrah görünürdü. Onun maraqlı söhbətləri, qeyri-adi dünyagörüşü, səlist nitqi adamı cəzb edirdi.

 

- Ələkbər müəllim, neçə kitabınız var?

 

- Hardan müəllim oldum? Mənim heç orta məktəb təhsilim də yoxdu.

 

- Heç oxumamısınız?

 

- Yox. Heç birinci sinifə də getməmişəm.

 

- Yığdığınız kitabları oxuya bilmirsiniz?

 

- Niyə oxumuram, lap yaxşı oxuyuram. Oxumağı sonralar özüm öyrənmişəm.
Mənim bir QAZ-51 yük maşınım vardı. Bir tanışım mübahisədə mənə dedi ki, sənə nə başa sala bilərəm, savadsız adamsan. Söz mənə güllə kimi dəydi. Həmin günün sabahısı bir jurnal alıb maşına qoydum, boş vaxtlarımda hərfləri tanımağa, oxumağa çalışdım. Ondan-bundan soruşa-soruşa hərfləri öyrəndim və oxumağa başladım. Sonra yavaş-yavaş kitaba keçdim. Baxdım ki, kitab başqa aləmdi. Elə o vaxtdan əlimə keçən kitabı yığmağa başladım.

 

- Neçə kitabınız var?

 

 

- Təxminən iki min altı yüz əlli kitabdı. Şəxsi kitabxanam üçün möhür də sifariş eləmişəm: “Katibli Ələkbərin şəxsi kitabxanası”. Mənə Azərbaycanın çox məşhur adamları kitablar göndərib. O sıradan Qəzənfər Paşayevin, Rəfael Hüseynovun, İqrar Əliyevin, Məhərrəm Qasımovun, Budaq Budaqovun, Seyidağa Onullahinin, Mövlud Süleymanlının adlarını çəkə bilərəm. Həmişə əlimdə kitab olub, içdiyim çayın soyumasını gözlədiyim vaxtı da itirməmişəm, o arada da oxumuşam.
 

- Ən çox hansı ədəbiyyatı oxuyursuz?
 

- Əvvəllər bədii ədəbiyyat çox oxuyurdum. Yaşlandıqca fəlsəfəyə marağım artdı. Klassik alman fəlsəfəsini çox sevirəm. Bu dövr alman filosofları çox elmidirlər, onların yazdıqlarını dərk etmək üçün müəyyən intellektual hazırlığın olmalıdı. Məsələn, Kant çox mürəkkəbdi. Ancaq həyatı rasional izah edən Şopenhaueri yaxşı anlayıram, o, mənim ustadımdı. Bütün bunlarla bərabər deməliyəm ki, hazırda kitabların vəziyyəti çox pisdi.

 

- Nə mənada pisdi?

 

- Kitabları yığmağa yerim yoxdu. Evdə kitabın dəyəri çox aşağıdı. Məcburam onları un kisələrində, evin damında, pəncərələrin qabağında saxlayam. Belə baxanda, özümün yaşamağa normal yerim yoxdursa, kitablar harda yaşayacaq?

 

- Başa düşdüm, evdə oxuyan yoxdu.
 

 

- Əşi, nə evdə, nə kənddə, nə rayonda söhbət eləməyə bir adam tapa bilmirəm. Bir dəfə yeddi yunan müdriklərindən birinin adı yadımdan çıxmışdı, nə qədər elədim, yadıma düşmədi. Bir nəfər tapılmadı ki, ondan soruşam. Arvad-uşaq hər dəfə kitabları başıma qaxır, bunları evdən rədd elə, deyirlər. Ona görə sizə bir söz deyim, sevgi ilə evlənməkdən böyük fəlakət yoxdu. İnsan gərək sevgi ilə yox, ağılla evlənə! Məsələn, sevgi ilə evlənən kişi gəlib görsə ki, arvadı ona xəyanət eləyir, hissi beyninə qalxıb onu öldürəcək. Ancaq ağılla evlənən bu vəziyyətdə fikirləşəcək ki, əşi, qoy rədd olsunlar, xətalarını məndən uzaq eləsinlər və üz döndərib gedəcək. Nə özünü zibilə salacaq, nə də başqalarını. Həm də döyməklə, vurub öldürməklə insanın xarakterini dəyişmək olmur. Mən yetmiş ildi evdəkinə başa sala bilmirəm ki, baltanı günün altına qoymaq olmaz, çünki sapı quruyub laxlayır. Sonra anladım ki, bu adamı düzəltmək mümkün deyil. Bizdə insanlar yalançı hisslərə çox aldanır, söyüşə görə biri-birini öldürürlər. Əşi, söyüşdü dəə, biri səni söydümü, çıx get, o zırramadan canını qurtar, vəssalam. Bir dəfə Binədə birindən soruşdum, nəyin üstündə tutulmusan? Dedi, söyüş üstə. Dedim, beş dəqiqəyə dözə bilmirsən, on beş ilə necə dözəcəksən?! Ona görə həmişə cavanlara səbir diləmişəm, səbirli olun demişəm. Bax, bu saat məni heç kimi özümdən çıxara bilməz, xoşum gəlməyən yerdən çıxıb gedirəm, tək olanda darıxmıram, adam olmayanda oxuduğum kitablardan birinin qəhrəmanını qarşıma qoyub söhbət eləyirəm.

 

- Aydındı, demək, həyat yoldaşınızla tamam başqa adamlarsınız.

 

- Həmişə deyirəm, tanrım, mənə məhəbbət yox, ağıl ver. Bir dəfə qarmonçalan Gövhər Rzayeva televizorda dedi, ailə qurdum, ərə getdiyim kişi yaxşı insan çıxmadı. Könül Kərimovadan ona bir ismarıc göndərdim, dedim, ona de ki, mən yetmiş ildi dostluq eləmək üçün bir kişi axtarıram, tapa bilmirəm, sən bircə dəfəyə hardan tapacaqsan?

Nə isə, bunları bir tərəfə qoyaq, sizə tamam başqa bir məsələdən danışmaq istəyirəm. Mən bir dərdə düşmüşəm, deməyə, söyləməyə adam tapa bilmirəm.

 

 

- Nə məsələdi?

 

- Bir gün gecəyarı tanrıya üz tutub dedim, ey dünyanı yaradan, mənə elə bir elm ver, təkcə mən bilim, o elmdən heç bir alim baş açmasın. (Özü də məndən sizə əmanət, dualarınızı gecə saat üç-beş arası eləyin, çünki bu arada bəd niyyətli ruhlar yatır.) Həmin gün yuxuda gördüm, bağda bir yeri qazıram, ordan su çıxır. Oyananda sevindim ki, yəqin bulaq çıxacaq, həyəti rahat sulayacam. Özüm möhkəm bağ həvəskarıyam. Beli əlimə alıb bağın həmin yerinə gəldim və oranı qazmağa başladım. Xeyli qazıb torpaq atmışdım ki, qəfil yağış başladı. Beli torpağa sancıb evə qayıtdım. Yağış kəsdikdən sonra yenidən qazdığım yerə qayıtdım, gördüm topa torpağın üstündə yağış yuyub üzünü təmizlədiyi daşlar məni cəzb eləyir. Daşlardan birini götürüb təmiz yuduqdan sonra diqqətlə üstünə baxdım. Daşa baxdıqca məni özünə çəkirdi. Və birdən daşın üstündə bir gözəl qadın şəkli peyda oldu. Mən bu işə heyran qaldım. Fikirləşdim, bəs qadındısa bunun saçları hanı? Dərhal saçları peyda oldu və üstündə xırdaca plyus yazıldı. Bəs, əli, barmaqları hanı deyə fikirləşən kimi qolunun üstündə, barmaqlarının üstündə biri-bir plyus yazıldı. Başa düşdüm ki, həmin plyuslar şübhəni dağıtmaq üçündü. Sonra başqa daşlardan götürərək yuyub təmizlədim. Hər birində başqa-başqa mənzərələr peyda oldu. Müxtəlif heyvan şəkilləri, təbiət mənzərələri. Barmaq boyda, əl boyda xırdaca bir daşın üstündə yüzlərlə şəkil peyda olur. Özü də o şəkillər daşın təbii formasını pozmur, yəni, daşın üstü cızılmayıb. Bu, tamam başqa, bizə məlum olmayan bir texnologiyanın məhsuludu. Ancaq rəsmlər o qədər usta, o qədər hiyləgərcəsinə həkk olunub, məni heyran eləyir.

 

- Daşları başqa adama göstərmisinizmi?

 

- Əlbəttə. Qabaqca kənddə bir neçə adama göstərdim, dedilər biz heç nə görmürük, az qaldılar məni dəli hesab edələr. Nəhayət, bir gün daşlardan götürüb Elmlər Akademiyasına gəldim. Orada köhnə dostlar vasitəsilə məşhur alimlərlə tanış oldum və daşları onlara göstərdim. Azad Mirzəcanzadə dedi, kimsə bunu sənin əlindən ala bilər, ona görə daşlar haqda dövlət qəzetlərin birində məlumat ver. Getdim “Xalq qəzeti”nə, orda dedilər, mütəxəssis rəyi gətir. Mütəxəssisi hardan tapaydım? Budaq Budaqov dedi, Ələkbər, sən dediyin o şəkillərin bircəciyini görsəydim, gözəl bir rəy yazardım, ancaq neynim, görə bilmirəm. Onda anladım ki, bunları görmək üçün altıncı hissə malik adam olmalısan.

 

- Özünüz necə düşünürsünüz, onlar nə daşlardı elə? Bəlkə hamısı bir sistemdi, sonradan qırılıb dağılıb? Ola bilsin hansısa sivilizasiyanın detallarıdı. Neçə belə daş var sizdə?

 

- Hardasa otuzdan çoxdu. Mən o daşları yüzlərlə daşın arasından yuyub seçmişəm. Özü də hər daşdakı mənzərə dərhal özünü büruzə vermir, bəzən olur bir-iki gündən sonra sirri açılır. Hansı sivilizasiyaya aiddi, deyə bilmərəm, ancaq o şəkillər insan zəkası ilə sıx bağlıdı, yəni düşüncən nə qədər işləsə qarşında o qədər mənzərə açılır.

 

- Bəs o daşlara baxıb nəyisə arzulamaq olarmı? Hardadı indi o daşlar, mən baxa bilərəmmi?

 

- Düşünürəm, o daşlar arzu yerinə yetirmək üçün yox, insana zövq vermək üçündü. Hər hansı incəsənət nümunəsindən necə zövq alırsansa, ondan da eləcə zövq alırsan. Mən o daşlara baxmaqdan doymuram. Siz də baxa bilərsiniz, evdədi, Kərimli kəndində, burdan hardasa, iyirmi kilometr uzaqda.

 

- İndi fikriniz nədi, daşları özgə kimə göstərmək istəyirsiniz?

 

- Baxıram, buralarda baş çıxaran olmayacaq, onları yalnız alman mütəxəssislərinə göstərmək istəyirəm. Bundan ötrü alman səfirliyinə müraciət etmək istəyirəm.  Ürəyimə damıb ki, daşlarımın sirrini yalnız almanlar aça bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Murad Köhnəqala

Oxşar yazılar