<b>25 il əvvəl itkin düşən 6 azərbaycanlı: <span style="color:red;">sağsınızsa, qorxmayın, qayıdın! </b>
15 fevral 2014 13:00 (UTC +04:00)

25 il əvvəl itkin düşən 6 azərbaycanlı: sağsınızsa, qorxmayın, qayıdın!

Bu gün sovet ordusunun məhdud kontingentinin Əfqanıstan torpaqlarından çıxarılmasından 25 il ötür. 1989-cu il, fevralın 15-də sonuncu sovet tankları ölkə ərazisini tərk etdi.

Hələ 10 il əvvəl, 1979-cu il dekabrın 24-də sovet hərbi qüvvələri Əfqanıstan sərhədini keçmişdi. 9 il bir ay davam edən döyüşlərdə 750 min əsgər və zabitlərdən ibarət sovet ordusu iştirak edib. Bunlardan 7 mindən çoxu azərbaycanlı əsgər və zabit olub. Əfqan müharibəsinə Azərbaycandan olan çoxlu sayda tərcüməçi və müşavirlər də qatılıb. Amma...

Amma bu faktdır ki, müharibə dövründə bir nəfər də olsun azərbaycanlı fərari olmayıb...

 

***

 

 

“Ay yarım idi ki, sovet ordusunda xidmət edirdik. Bizim yerimizi Əfqanıstana dəyişdirdilər. Mən də atıcı polkun əsgəri kimi hərbi döyüş və əməliyyatlarda iştirak etmişəm. Bu, o dövr üçün uzun bir müddətiydi. Düzdü, bəzi zabitlər xidmət müddətini başa vursalar da, öz xahişləri ilə ikinci dəfə Əfqanıstana qayıdıblar. Ümumiyyətlə isə orada il yarımdan çox xidmət edən olmayıb”.

 

Bunu Lent.az-a 22 ay Əfqanıstanın Şindan şəhəri yaxınlığında yerləşən 5-ci diviziyada xidmət etmiş Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Rəssamlar ittifaqının üzvü Tərlan Eyvazov deyir.

 

 

 

- Mən müharibəyə ilk gedənlərdən olmuşam. Sıravi əsgər kimi. Onda oarada hərbi şəhərciklər yoxuydu. Biz çadırlarda qalası olurduq. O dövrün qışı da olduqca sərt keçdi. Əfqanıstan kimi cənub ölkəsində temperatur hətta otuz dərəcəyə qədər enirdi. Yerli əhali bizə “qışı, qarı bizə siz gətirdiz” deyirdilər. Bizim Naxçıvana bənzər sərt iqlimi var. Qışı şaxtalı, yayı quraq isti.

 

 

Əslində sərt iqlim tarixən bu torpaqları zəbt etmək istəyən sərkərdələrin qarşılaşdığı çətinlik olub. Ta qədimdən sərt iqlim, qidalanma problemi, su mənbələrinin azlığı, əsas da orda yaşayan insanların azad yaşamaq həvəsinə tab gətirməyən sərkərdələr, bu torpaqları zəbt etsələr belə, əllərində çox saxlaya bilməyiblər.

 

1978-ci ildə Əfqanıstanda aprel inqilabı baş vermişdi. Əfqanıstan Xalq Demokratik Partiyası (ƏXDP) monarxiyanı devirir. Yeni quruluş əfqanların milli mentalitetlərinə uyğun gəlmədiyi üçün bir qədər sonra  qarşı narazılıqlar baş verir. Əfqan hökuməti isə dəfələrlə sovet rəhbərliyinə kömək üçün dəfələrlə müraciət etsə də, son nəticədə sovet ordusu əfqan torpaqlarına müdaxilə etmək istəmir. Zamanla ƏXDP daxilində baş qaldıran daxili çəkişmələr, ölüb-öldürmələr başlayır. Məhz bu məqamda Sovet ittifaqı Əfqanıstanı itirməmək naminə  hərbi müdaxiləyə başlayır. Türküstan hərbi dairəsinin 40-cı ordusu o vaxtkı ideoloji terminlərlə desək, Əfqanıstana beynəlmiləl köməyə gedir. Və azadlıqsevər əfqanlar işğalla barışmayaraq Sovet ordusuna qarşı amansız mübarizəyə qalxırlar. 

 

Bu müharibədə 7 mindən çox azərbaycanlı döyüşüb. 500 nəfəri yaralanıb, 209-u həlak olub. İtkin düşənlərin sayı isə 6 nəfərdir. Onlardan hələ də xəbər yoxdur:

 

 

Butayev Tofiq Gidaşi oğlu. 1980-ci ildə Bakının Lenin rayonu (indiki Sabunçu) hərbi xidmətə çağırılıb. Sıravi.

Qədirov Qədir Vəfadar oğlu. 1980-ci ildə Sumqayıt şəhərindən hərbi xidmətə çağırılıb. Sıravi.

Heydərov Feyzulla Firudin oğlu. 1984-cü ildə Bərdə rayonundan hərbi xidmətə çağırılıb. Serjant.

Hüseynov Əlihüseyn Ağahüseyn oğlu. 1980-ci ildə Dəvəçi rayonundan hərbi xidmətə çağırılıb. Sejant.

Yevtuxanoviç Oleq Aleksandroviç. 1980-ci ildə hərbi xidmətə çağırılıb. Leytenant.

Şərəfov Elxan Əhməd oğlu. 1980-ci il Sumqayıtdan hərbi xidmətə çağırılıb. Sıravi

 

(Mənbə Aleksandr Lyaxovskinin 1995-ci ildə keçmiş SSRİ Müdafiə Nazirliyinin Baş qərargahının sənədləri əsasında yazılan “Traqediya i dobles afqana” kitabı)

 

 

Əsir və itkin düşənlərlə bağlı Eyvazov əlavə məlumat da verib. Məlumata görə, müharibə vaxtı altı nəfərdən əlavə bir nəfər sonradan əsirlikdən xilas olub Avropa ölkələrindən birində qaçmağı bacarıb. Oradan da Rusiyaya təhvil verilib. Adı yadında qalmasa da, cənub bölgəsindən olduğunu xatırlayır.

 

 

“Əfqanıstanda hər kəndin, hər rayonun, hər bölgənin öz dəstəsi olub. Dəstə vardı ki, əsirlərin burnunu, qulağını kəsirdi, dəstə vardı işgəncələrlə öldürürdülər. Məsələn, Əhməd Şah əsirlərdən qul kimi istifadə edirdi. O, əsirlərə islamı məcburi qəbul etdirir, adlarını da dəyişdirirdi. Onlardan bəziləri qayıtdı, bəziləri isə qaldı” - deyən Tərlan bəy onlar haqqında dəqiq məlumatın olmadığını da qeyd edir.

 

- “Qırmızı xaç” cəmiyyətinə, Allahşükür Paşazadəyə də müraciət etmişəm onların tapılması üçün. Amma heç bir xəbər çıxmadı. Bilirsiz, Əfqanıstanda vətəndaşların siyahıya alınması sonuncu dəfə 75-ci ildə olub. Oradakı əsirlər də hələ də “KQB” xofundan ayılmayıb. Sovet ittifaqının dağıldığını, vətənlərinə dönərlərsə, heç bir narahatçılıq olmayacağına inanmırlar. Əslində Sovet vaxtında belə geri qayıdanlara heç nə etmirdilər. On - on beş il əvvəl itkin düşənlərdən səkkiz nəfər tapılıb, ancaq onlar geri dönməkdən imtina ediblər. Rusiya hökuməti bu işi hələ də aparır.

 Sağ qalan Əfqanıstan müharibəsi veteranlarının sayı müvafiq dövlət qurumlarında var. Onlar veteranlara məxsus imtiyazlardan istifadə edir, 37 manat təzminat pulu alarlar. 

 

 

15 fevral. Bu tarix bir çoxlarımız üçün adi fevral günlərindən biri olsa da, dünyanın müxtəlif yerlərinə səpələnmiş yüz minlərlə Əfqanıstan müharibəsi veteranları hər il bu günü qeyd edirlər. Və haqları var!

# 5438
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar