I Qlobal Forumla bağlı təşkilat komitəsinin iclası keçirilib
16 sentyabr 2014 11:51 (UTC +04:00)

 I Qlobal Forumla bağlı təşkilat komitəsinin iclası keçirilib

 

Gənclər və İdman Nazirliyində nazir Azad Rəhimovun rəhbərliyi ilə  28-30 oktyabr 2014-cü il tarixlərdə Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forumla bağlı təşkilat komitəsinin iclası keçirilib.

 

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda 20-yə yaxın dövlət qurumunun - Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac), “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun rəsmiləri iştirak edib.

 

Nazir Azad Rəhimov qeyd edib ki, Azərbaycan forumun ölkəmizdə keçirilməsi təklifini irəli sürən ilk ölkələrdən biri olub: “Mənim 2014-cü ilin mart ayında Amerika Birləşmiş Ştatlarına rəsmi səfərim çərçivəsində BMT-də keçirdiyim görüş zamanı Forumun Azərbaycanda keçirilməsi ideyasına dəstək gəlib. Xüsusi ilə qeyd etməliyəm ki, oktyabr ayında gerçəkləşəcək Gənclər Siyasəti üzrə  I Qlobal Forum dünyanın gənclər siyasəti sahəsində yeni model olacaq”.

 

 

Qeyd edək ki, foruma  170-dən artıq ölkədən 700-dən artıq iştirakçının qatılacağı gözlənilir.  Forumda gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, növbəti illər üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən digər mövzular diqqət mərkəzində olacaq. Forumda eyni zamanda gənclər siyasəti üzrə yeni prinsipləri müəyyən edən sənədin də hazırlanması nəzərdə tutulur. Forumun əsas tərəfdaşları Avropa Şurası, UNESCO, BMT-nin İnkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə elçisi və Azərbaycan hökumətidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 378
avatar

Oxşar yazılar