“TurAz Şahini 2015" birgə təlimləri yekunlaşdı
04 aprel 2015 20:18 (UTC +04:00)

“TurAz Şahini 2015" birgə təlimləri yekunlaşdı

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən Hərbi Hava Qüvvələrinin keçirdiyi "TurAz Şahini 2015" birgə təlimləri yekunlaşıb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimlərdə 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum, İl-76 hərbi-nəqliyyat təyyarəsi və 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri, eləcə də 104 nəfərlik heyət iştirak edib.

 

Təlimlər 3 istiqamətdə planlaşdırılıb və icra edilib.  Təlimlərin sonuncu günü, plana uyğun olaraq, Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Akın Öztürk, komandanın birinci müavini Abidin Ünal və Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun rəhbərliyi altında aviasiya vasitələri praktiki döyüş atışlarını kompleks şəkildə yerinə yetiriblər. MiQ-29 və F-16 təyyarələri hava düşməninə qarşı döyüş, yer hədəflərinə qarşı bomba və top atışları, Su-25 və F-4E təyyarələri isə düşmənin yer hədəflərinə bomba və top zərbələri endiriblər. Ssenariyə uyğun olaraq, Azərbaycan və Türkiyə xüsusi təyinatlıları Mi-17 və AS-532 "Cougar" helikopterləri vasitəsilə şərti düşmən ərazisində qəzaya uğramış təyyarənin pilotlarının xilas edilməsi əməliyyatını icra ediblər.

 

Hazırda Türkiyədə NATO çərçivəsində davam edən "İŞIK-2015" beynəlxalq axtarış-xilasetmə təlimlərində Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopteri iştirak edir. Təlimlər aprelin 13-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230
avatar

Oxşar yazılar