Paytaxtda istər avtobus dayanacaqlarında, istərsə də metroda “tibb kurslarına sizi dəvət edirik” kimi elanlara rast gəlirik. Lent.az-ın məlumatına görə, elanlarda qeyd olunur ki, kurslarda tibbin əksər sahələri üzrə təhsil almaq mümkündür. Hətta elanlarda tibb kursunu bitirənlərə rəsmi diplom veriləcəyi də qeyd olunub. Diplom isə vətəndaşlara hər hansı bir müəssisədə çalışmaq üçün lazım olur. Bu, həmin kursları bitirən şəxslərin tibb müəssisələrinin birində işləməsi ehtimalını yaradır.
Məsələyə Səhiyyə Nazirliyinin də mövqeyini öyrəndik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Lent.az-a açıqlamasında bildirib ki, orta tibb işçisi kimi çalışmaq istəyənlər yalnız hökumətin razılığı ilə fəaliyyət göstərən tibb kolleclərində iki il müddətində təhsil almalıdırlar: “Lakin hər hansı bir tibb kursunu bitirən şəxslər səhiyyə müəssislərində çalışa bilməz. Yalnız onlar texniki işçi səviyyəsində çalışa bilərlər”.
Nazirlik sözçüsü onu da vurğulayıb ki, kurslarda yalnız ilkin tibbi yardım öyrənmək olar: “Bu isə onlara hüquq vermir ki, tibb mərkəzlərində çalışsınlar”.