Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Sən də qoşul-2” adlı xeyriyyə aksiyası keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə qeyd edilib ki, layihənin əsas məqsədi belə bir xeyriyyə aksiyası keçirməklə əldə olunan vəsaitlə cəbhə bölgəsində yerləşən orta məktəblərdəki şagirdlər üçün lazım olan ləvazimatları alıb onlara çatdırmağa yönəlib.
Daha sonra çıxış edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, bu cür aksiyalar əslində mənəvi dəyərlərin qorunmasına xidmət edir və insanları xeyirxahlığa səsləyir.
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli xeyriyyə aksiyasında iştirak edənlərə təşəkkürünü bildirib.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Anar Kazımov “Yeni Üfüq” təşkilatının həyata keçirdiyi işlərdən danışaraq qeyd edib ki, dövlət komitəsi bu ictimai birliyin fəaliyyətini yüksək qiymətləndirir.
Daha sonra Türkiyə səfirliyinin din xidmətlər üzrə müşaviri Sadıq Erarslan, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, TİKA –nın Azərbaycan nümayəndəliyinin rəhbəri Mustafa Polat çıxış ediblər.