“Seçkili orqanlarda qadınların təmsilçiliyinin artırılması” adlı layihə davam edir. Lent.az-ın məlumatına görə, layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyilə Kaunterpart Azərbaycan (Counterpart İnternational) Beynəlxalq Təşkilatının Qadın İştirakçılığı Proqramı çərçivəsində həyata keçirilir.
Layihənin əsas vəzifələrindən biri fəal qadınların bələdiyyə seçkilərində namizəd kimi iştirakının dəstəklənməsi və onların seçki hüququ sahəsində maarifləndirilməsidir. Bu məqsədlə aprel-may aylarında Bakı, Salyan, Sabirabad, Yardımlı, Tərtər, Yevlax şəhərlərində ictimai fəal qadınlar üçün Forumlar keçirilib. Bu forumlarda bələdiyyə seçkilərində öz namizədliklərini irəli sürmək istəyən qadınlar, potensial namizədlər üçün müəyyən edilib. İyun ayından başlayaraq bu qadınlar üçün seçki maariflənməsi ilə bağlı silsilətəlimləri keçirilib. Təlimlərin məqsədi iştirakçıları qadın hüquqları sahəsində mili və beynəlxalq qanunvericilik, yerli özünüidarə orqanlarına seçkilər zamanı namizədliyin qeydə alınması qaydaları, seçkiqabağı təbliğat kampaniyasının təşkili, seçki platformanın hazırlanmasıqaydaları ilə tanış etməkdir. Iştirakçılar həmçinin natiqlik, ictimaiyyət qarşısında çıxış etmək vərdişləri, seçicilərlə özünü aparmaq qaydaları, qadın hüquqları sahəsində mövcud mili və beynəlxalq sənədlərdən və statistikadan istifadə edərək öz çıxışlarını hazırlamaq qaydaları, pozitiv siyasətçi qadın imicinin yaradılması sahəsində də biliklər əldə edəcəklər. Artıq təlimlərin birinci mərhələsi başa çatıb. Göstərilən rayonların hər birində 25 nəfər qadın üçün maarifləndirmə təlimləri keçirilib.
Sentyabr ayinda Salyanda və Bakıda, oktyabr ayında isə Tərtər və Yevlaxda potensial qadın namizədlər üçün maarifləndirmə təlimlərinin keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, layihəni“Lider Qadınlar” İB, “Universitet Təhsilli Qadınlar Cəmiyyəti” və “Qadınlar Gələcək Uğrunda” İB-dən ibarətkoalisiya həyata keçirir. Layihənin əsas məqsədi qarşıda gələn bələdiyyə seçkilərində qadınların elektoral fəallığını yüksəltmək, seçkili orqanlarda qadınların təmsilçiliyini artırmaq, onların siyasi və sosial-iqtisadi proseslərə təsirini gücləndirməkdir.