Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti köçəri quşların miqrasiyasını nəzərə alaraq “quş qripi”nə görə növbəti monitorinqə start verib. DBX-nin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.
Nəzarət tədbirinin köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək.
Ölkə ərazisində köçəri və ev quşlarına görə başlanan monitorinqin nəticələri mayın 23-də ictimaiyyətə açıqlanacaq.
Hazırda “quş qripi” xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir.