“Qoca” ləqəbli hərbi fotoreportyor - Əli Qafarov...
04 mart 2015 16:07 (UTC +04:00)

“Qoca” ləqəbli hərbi fotoreportyor - Əli Qafarov...

Gördüklərimiz yaddaşımızın harasındasa ilişib qalır. Hətta unutdum, yadımdan çıxardım dediyimiz bir şey də 10-15 il sonra görən kimi yadımıza düşür. Fotolarsa bizim unutduğumuz həmin anları öz yaddaşında dondurur. Fotolar insan yaddaşının bir anının görüntülü qeydiyyatıdır. Qaldı foroqraflara... Həəə... Bax, fotoqraflar həmin o qeydə alınacaq anı duyub görməyi bacaran adamlardır. Təbii ki, söhbət işinə, peşəsinə ciddi bağlı olan peşəkarlardan gedir. APA TV-nin “Ötən əsrin adamları” verilişinin budəfəki qonağı məhz o adamdır. İşinin, peşəsinin vurğunu “Qoca” ləqəbli fotoqraf Əli Qafarov.

 

O, fəaliyyətə portret fotolar çəkən fotomüxbir kimi başlayıb. Çoxlu sayda tanınmış insanların fotoportretini yaradıb. İllər ötüb və Dağlıq Qarabağda müharibə başlayanda Əli Qafarov hərbi fotoreportyor kimi fəaliyyətə başlayıb.

 

“Müharibə illərində əyləncə, portret, rəsmi insanların fotolarını işləməyə maraq olmadı. Daha vacib işlər var idi. O işlərdən yapışmaq lazım idi. O üzdən cəbhədə hərbi fotoreportyor olmağı qərara aldım”.

 

O dövr üçün bu böyük fədakarlıq, cəsarətli addım idi. Övladlarını, ailəsini təkbaşına qoyub, peşəsinin ardınca düz cəbhəyəcən gedib. Amma bu barədə çox az danışıb.

 

Əli Qafarov deyib ki, bu haqda yeri gəldi-gəlmədi danışmağı ayıb bilib həmişə.


”Adam peşəsi, ölkəsi,insanlar üçün gördüyü işlərdən az danışar. Bunu başqaları danışsa yaxşıdır”.

 

Başqaları ona bircə kəmlə xoş söz deyəndə uşaq kimi sevindiyini deyib Əli müəllim.  Onun fikrincə, yaxşı sözü hər adama demir adamlar. O üzdən sənə deyilən hər xoş söz böyük nemətdir. Gərək yaxşı qoruyub saxlamağı bacarasan.

 

Xatirələrini danışmasını istədik, müharibə xatirələrini. Bu istəyimizə “müharibənin özü elə xatirədir, qorxulu, faciəli, ağır bir xatirə” deyə cavab verib.

 

“Əli rəqəmlərə yaddaşsızdır, birdən ili səhv deyər haa... Birdən nəsə yadından çıxar... Birdən şəkli səhv qoymuş olaram”... Bu qadın onun otuz səkkiz illik həyat yoldaşı Tavad Qafarovadır. Maraqlıdır, onunla necə tanış olub Əli müəllim?

 

“Atası tanınan müəllim idi. Bir dəfə jurnalist dostlarla məni də evinə qonaq dəvət elədi. Mən Tavadı orda gördüm. Sonra da elçi göndərdim. Mən uzun-uzadı sevgi macərasına inanmıram. Sevgi sonradan yaranır. Sevib evlənməmişik. Amma indi görün bir gün mən onsuz, ya da o mənsiz qala bilərikmi? Yox, mümkün deyil. Sevgi illərlə yaranan bir şeydir. Bir gündə, bir ildə, bir ayda sevgi ola bilməz. Bəlkə də olar, amma mən buna inanmıram”.

 

Otuz səkkiz illik birgə həyat haqqında yəqin ki, kişidən çox qadının dəyəcək sözü olar.

 

O üzdən Əli Qafarovun həyat yoldaşı Tavad Qafarovanın da dediklərini eşidək...

 

Tavad xanım bildirib ki, Əli müəllim “Azərnbaycan müəllimi” qəzetində çalışırmış onlar tanış olanda. On beş il yaş fərqi var aralarında. Ancaq Tavad xanım bu barədə nikah masasında məlumat alıb.

 

“Əlinin xarici görkəmindən o yaşı vermək olmazdı. Bəlkə də yaş fərqini əvvəldən bilsəydim, razılıq verməzdim. Amma nikah masasında biləndə, çox gec idi. Yaxşı ki, etiraz eləmədim. Bu illər ərzində Əli müəllim mənim yaxın dostum, sirdaşım, məsləhətçim, dərdləşdiyim adam oldu. Amma öz qayğılarından heç vaxt mənə danışmadı. Mən onu sadəcə hiss eləyirdim. Bilirdim ki, nəyə və niyə ehtiyacı var. Səssizcə lazım olanı edirdim. İndi də beləyik”.

 

Foto haqda çox məşhur bir misra var.  “Bir də gördün fotodur insan”. İndi foto olan insanlar çoxdur. Hətta yaxınlarımız arasında da var foto olan insanlar...

 

Bu işimiz, veriliş isə insan yaddaşının fotosunu çəkən adamın sözlə fotosu idi.

 

İndi sözlə yaradılan foto yaddaş olacaq, ya yox?! Onu da yaşayıb görərik...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298
avatar

Oxşar yazılar