“Qeysər kəsiyi əməliyyatına qadağa doğuşda ölüm hallarını artıracaq”
“Doğuş zamanı ölüm halı baş verirsə, istənilən halda həkimlər qınanmalıdır. Ana ölümünə görə heç də həmişə günah həkimdə olmur. Leykoz, leykemiya xəstəliyindən əziyyət çəkənlərə həkimlər kömək edə bilmir. Həkim xəstəliyi yox, xəstəni müalicə etməlidir. Bizdə xəstəliyin simptomları müalicə olunur”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” verilişinin qonağı hüquq müdafiəçisi Nabil Seyidov deyib.
O, xüsusi göstəriş olmadan Qeysər kəsiyi əməliyyatının keçirilməsinə qadağa qoyulacağı barədə fikirləri məntiqsiz sayır: “Qeysər kəsiyi əməliyyatı olub-olmamaq qadının öz hüququdur. İstənilən əməliyyatın öz göstərişi və əks göstərişi var. Həkim bunu doğuşa gələn qadına izah etməli, tam şəkildə məlumat verilməlidir. Fakt ondan ibarətdir ki, Qeysər kəsiyi ilə olan doğuşlarda ana və uşaq ölümü bioloji doğuşda qeydə alınan ölüm hallarından çox deyil”.
Hüquq müdafiəçisi hesab edir ki, Qeysər kəsiyi əməliyyatına qadağa qoyulması doğuş zamanı ölüm hallarını artıracaq: “Burada yeganə çıxış yolu maarifləndirmə işinin aparılmasıdır. Analara bioloji doğuşun faydası barədə yaddaşçalar verilməlidir. Bu işdə qadın məsləhətxanalarının da rolu böyükdür”.
Nabil Seyidov qeyd edib ki, ana ölümünün bir ildə cəmi iki fakt azalması əhəmiyyətli rəqəm deyil: “5-10 il əvvəllə müqayisədə ölüm faktları azalıb. Perinatal dövrdə dölün müayinəsi, anadangəlmə qüsurlu uşaqların doğumunun qohum evliliyinin qarşısının alınması istiqamətində maariflənmə sıfır dərəcəsindədir. İnfeksiyalarla mübarizə istiqamətində görüləcək işlər çoxdur. Əhalinin sağlamlığının müdafiəsi, maarifləndirmə, profilaktikası tədbirləri dövlət tərəfindən aparılmalıdır”.
1478