“Qaçqınkom” məcburi köçkünlərə növbəti xəbərdarlıq etdi
12 fevral 2014 15:17 (UTC +04:00)

“Qaçqınkom” məcburi köçkünlərə növbəti xəbərdarlıq etdi

“Heç kəs dolayı yollarla mənzil almağa cəhd etməsin, buna nail ola bilməyəcək”

 

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərə növbəti dəfə xəbərdarlıq edib.


 

Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya və məşğulluq məsələləri üzrə şöbə müdiri Sənan Hüseynov APA-ya açıqlamasında bildirib ki, qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi zamanı dolayı yollarla heç kəs ev ala bilməyəcək.

 

Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlərin  köçürülmə prosesi xüsusi yaradılmış komissiyanın, həmçinin məcburi köçkünlərin özlərinin iştirakı ilə yüksək şəffaflıq şəraitində həyata keçirilir. Yeni mənzillərə köçürüləcək qaçqın və məcburi köçkünlərin siyahısı mənzillər tikilməzdən bir neçə il öncə dəqiqləşdirilir: “Məsələn,  köçürülmə prosesi aparılacaq yataqxanada son 5 il ərzində hər il orada yaşayanlar dəqiqləşdirilir, rəhmətə gedənlər, anadan olanlar nəzərə alınır. Dünən kimsə yataqxanaya bir otağa giribsə, elələri mənzil almağa nail ola bilməzlər”.

 

S. Hüseynov Gəncə Dövlət Universitetinin yataqxanasında da yeni mənzillərə köçürülmə prosesinin şəffaf olduğunu bildirib: “Köçürülmə prosesi ilə bağlı xüsusi komissiyada Dövlət Komitəsinin 3 əməkdaşı, işğal olunmuş rayonun icra hakimiyyəti başçısının müavini və Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşı təmsil olunur. Kim uzun müddət yataqxanada yaşayıbsa, yeni mənzilə köçürülmək onun haqqıdır”.

 

Gəncədə məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün Səxavət Məmmədovun mənzil bölgüsünə etiraz əlaməti olaraq bu gün intihara cəhd etməsi faktına münasibət bildirən komitə rəsmisi bunları deyib: “Səxavət Məmmədov həmin yataqxanada yaşamayıb. Bundan sonra da heç kəs dolayı yollarla mənzil almağa cəhd etməsin, buna nail ola bilməyəcək. Dövlət Komitəsi yarım ay öncə də dələduzluq hallarına cəhdlə bağlı bütün məcburi köçkünlərə xəbərdarlıq etmişdi. Həmin məlumatda da qeyd etmişdik ki, qeyri-rəsmi məlumata görə Bakı və Gəncə şəhərlərində belə dələduzluq hallarına cəhd olunur. Dövlət Komitəsi bildirir ki, köçürmə prosesi indiyədək olduğu kimi şəffaf şəkildə həyata keçirilir və bütün məcburi köçkünləri ciddi xəbərdar edir ki, hər hansı məcburi köçkün belə dələduzluq hallarına qoşularsa, onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 991
avatar

Oxşar yazılar