Bayram bitdi, amma...
Göyçayda keçirilən 8-ci “Nar festivalı”nda Alxasava kənd sakini Nəsrulla Zülfüqarov qalib gəlib. Onun müsabiqəyə təqdim etdiyi bir narın çəkisi 1 kiloqram 225 qram olub. Göyçaya ezam olunmuş Lent.az-ın əməkdaşının dediyinə görə, tədbirdə millət vəkilləri, 21 ölkənin səfir və diplomatik nümayəndəliklərin təmsilçiləri, yerli, Türkiyə və Rusiyanın aparıcı KİV-in nümayəndələri iştirak edib.
Havanın soyuq olmasına baxmayaraq, göyçaylıların festivalda fəal iştirakı Bakıdan gələn qonaqları təəccübləndirib: “Rayon yeri hara, bayramda bu qədər insanın iştirakı hara?” Rayon İcra Hakimiyyəti nümayəndələri qonaqları salamlayır, onlara narı narın vətənində dadmağı təklif edir. Tədbir İcra Hakimiyyətinin başçısı Mansur Məmmədovun çıxışıyla başlayıb, qonaqların təbrikləri ilə davam edib. Sonda isə incəsənət ustaları və Türkiyənin “Ayna” qrupunun iştirakı ilə bayram konserti olub.
İldə bir dəfə bir neçə saatlıq keçirilən “Nar bayramı” yaxşı, ya pis oldu, bitdi. Amma bu şənliyə xələl gətirən bir sıra problemlər də yaşandı. Festivala gələn qonaqlar rayon yollarının bərbad olmasından o ki var şikayət etdilər. Hələ sizə bölgənin ən böyük rayonunun əksər kəndlərində təbii qazın olmadığını demirik. Bunun rayonun meşə təsərrüfatına ciddi ziyan vurduğundan isə heç danışmırıq.
Bu problemlərə “göz yumub” Bakıya qayıtmaq üçün avtovağzala gəldik ki, burda da problem bizi yaxaladı. Əllərində dəmir vedrəli qadınlar deyinirdilər: “Yenə su yoxdu!”
P.S. Ümid edirik ki, gələn nar festivalına qədər Göyçayın yolları hamar, suları axar, qazı isə yanar olacaq.