“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli adət ənənələrimiz və müasirlik-2” adlı növbəti tədbirini Göyçayda keçirib. Lent.az-ın məlumatına görə, təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, milli adət və ənənələr tarixin bütün mərhələlərində ictimai-mədəni tərəqqinin əsas göstəricisi kimi nəzərə çarpıb. Onun sözlərinə görə, cəmiyyət inkişaf etdikcə adət və ənənələr də ayrı-ayrı quruluşların ictimai-siyasi xüsusiyyətlərinə bu və ya digər formada inteqrasiya edib.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, bu gün milli və mənəvi dəyərlərə sahib olan ölkə gəncinin cihad yeri Qarabağ olmalıdır: “Biz torpaqlarımızın azadlığı üçün imana sahib olduğumuz qədər də milli və mənəvi dəyərlərimizi qoruyub saxlamalıyıq”.
Tədbirdə Göyçay Şəhər İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova tədbir haqqında öz fikirlərini bölüşüb.