“Milli qəhrəmanlarımızın təbliği: Koroğlu Rəhimov”
29 sentyabr 2014 13:54 (UTC +04:00)

“Milli qəhrəmanlarımızın təbliği: Koroğlu Rəhimov”

Sentyabrın 27-də “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Milli qəhrəmanlarımızın təbliği: Koroğlu Rəhimov” layihəsi çərçivəsində Dəyirmi Masa təşkil edib.

 

Dəyirmi Masada Milli Qəhrəman Koroğlu Rəhimovun həyat yoldaşı və övladları, gənclər təşkilatları, hərb yönümlü QHT təmsilçiləri və hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlərin iştirak ediblər.

 

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov bildirib ki, ölkəmiz müharibə şəraitində yaşayır və müasir gənclik qarşısında əsas vəzifə ilk növbədə torpaqların hər an azad edilməsi uğrunda hazır olmalarıdır. Buna görə də İctimai Birliyin fəaliyyətində əsas məqsəd  gənclərin vətənpərvərlik tərbiyəsi işinə dəstək olmaqdır. Böyük dövlət xadimi Heydər Əliyev gənc nəslin vətənpərvər ruhda böyüməsi istiqamətində mühüm addımlar atıb, Qarabağda döyüşlərdə şücaət göstərmiş qəhrəman Vətən övladlarını qiymətləndirib. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Prezident İlham Əliyev çıxışlarında gənc nəslin vətənpərvər ruhda böyüməsinin xüsusi diqqət mərkəzində saxlanılmalı olduğunu vurğulayır. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında da Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi əsas istiqamətlərdən biri kimi yer alıb. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin də əsas məqsədi gənc nəslin vətənpərvər ruhda böyüməsinə, vətənpərvərlik əhval-ruhiyyəsini artırmağa töhfə verməkdir. “Milli qəhrəmanlarımızın təbliği: Koroğlu Rəhimov” layihəsi də İctimai Birliyin bu sahədə həyata keçirdiyi növbəti layihədir.

 

Milli Qəhrəmanın oğlu Rəşad Rəhimov atasının ömür yolundan danışıb. Koroğlu Rəhimov Vətənimizin düşməndən qorunması uğrunda mübarizədə iştirak etməyi borc sayıb.

 

Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının sədri, Qarabağ qazisi Rey Kərimoğlu döyüşən insanlara obyektiv qiymət verilməsinin, əsl qəhrəmanların qiymətləndirilməsin zəruri sayıb. Rey Kərimoğlu Koroğlu Rəhimov, Vəzir Orucov, Şirin Mirzəyev, Əlyar Əliyev kimi Milli Qəhrəmanlarımızın ömür yolu və qəhrəmanlıqlarının gənclər üçün örnək olduğunu vurğulayıb.

 

Milli Qəhrəmanları Tanıtım İctimai Birliyinin rəhbəri Elşən Uluxanlı Koroğlu Rəhimov cəbhəyə yollanarkən övladlarının körpə olduğunu xatırladıb: “Buna baxmayaraq, Koroğlu Rəhimov Vətənimizi qorumaq üçün döyüşə atılıb. O, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün qəhrəmanlıqla döyüşüb, döyüşlərdə göstərdiyi şücaət onu qısa müddətdə əfsanələşdirib. Gənclərimiz Koroğlu Rəhimov kimi qəhrəmanlarımızın həyatını, döyüş yolunu öyrənməli, örnək götürməlidirlər”.

 

Modern.az portalının redaktoru Xəqani Səfəroğlu KİV-lərdə işıq üzü görən vətənpərvərlik yönümlü materiallara cəmiyyətdə marağın az olduğuna diqqət çəkib, bu sahədə çoxsaylı layihələrin həyata keçirilməsini zəruri sayıb. 

Tədbirdə hərb yönümlü QHT təmsilçiləri və hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlər çıxış ediblər.

 

Qeyd edək ki, Koroğlu Rəhimov Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il martın 17-də Milli Ordu sıralarına yazılıb, 1992-ci il aprelin 30-da "N" saylı bölüyə komandir təyin edilib. Bu bölük 13 iyun 1992-ci il Buzduq, Çartaz, Erkəc kəndlərinin azad edilməsində xüsusi rol oynayıb. Koroğlu Rəhimov şəxsən bu döyüşlərdə dörd erməni faşisti məhv edib. Koroğlu Rəhimov Goranboy və Ağdərədə gedən digər qanlı döyüşlərdə iştirak edib, 1992-ci il iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakının Nərimanov rayonunda küçələrdən birinə Koroğlu Rəhimovun adı verilib və bu küçədə onun büstü qoyulub. Oğuz rayonunun Xaçmaz kəndindəki 3№-li körpələr evi-uşaq bağçası, Oğuz şəhərində küçələrdən biri qəhrəmanın adını daşıyır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761
avatar

Oxşar yazılar