İfşa edilən dəstə iylənmiş əti hansı obyektlərə satırmış? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Qida Təhlükəsizliyi Agentliyinin (QTA) əməkdaşlarının birgə iştirakı ilə Abşeron rayonu Güzdək qəsəbəsində əməliyyat tədbirləri keçirilib.
Məlumatda bildirilirdi ki, əməliyyat nəticəsində yararsız ət məhsullarının toplanılması və emalı ilə məşğul olan dəstə saxlanılıb. Onların Güzdəkdə, Nərimanov və Sabirabad rayonlarında saxlanc məntəqələri olduğu müəyyən edilib. Həmin məntəqələrə baxış zamanı 40 tona yaxın yararsız ət aşkar edilib. Aşkar olunan külli miqdarda ətin yoxlama zamanı tam yararsız olduğu təsdiqlənib.
İndiyə qədər dəfələrlə QTA və Daxili İşlər Nazirliyi ölmüş və ya xəstə iribuynuzlu, xırdabuynuzlu heyvanların, yaxud toyuq əti sexlərini aşkar edib. Məsələnin acınacaqlı tərəfi odur ki, həmin “sahibkar”lar emal etdikləri əti hansı obyektlərə veriblər? Bəlkə elə ayaqüstü yediyimiz dönərlərin 90 faizinin tərkibi həmin yararsız ətlərdir?
Daxili İşlər Nazirliyindən Lent.az-a hazırda bununla bağlı istintaqın davam etdiyi bildirilib. Verilən məlumata görə, ələ keçirilən dəstənin hansı obyektlərə ət satması, bu fəaliyyətlə nə vaxtdan məşğul olması araşdırılır.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumatda da qeydə alınan faktla bağlı araşdırmaların davam etdiyi bildirilib: “Sözsüz ki, ekspertizaların nəticələri normativ texniki sənədlərin tələblərinə uyğun olmadığı təqdirdə və burada cinayət əməli olduğu halda hüquqi qiymətin verilməsi üçün Daxili İşlər Nazirliyinə ötürülür. Agentlik bununla bağlı reydlərini davam etdirir. İlkin mərhələdə həmin ətlər dövriyyədən çıxarılır. Hazırda şəbəkənin müəyyən edilməsi istiqamətində istintaq davam edir. Sözsüz ki, biz istintaqın sonunda ictimai iaşə müəssisələrinin bu cür ətlərdən istifadə edib-etmədiyini öyrənəcəyik. Şəbəkə tam müəyyənləşəndən sonra bu barədə məlumat vermək mümkün olacaq".
Agentlik vətəndaşlara ət alarkən diqqətli olmağı və satıcıdan baytarlıq sənədini tələb etməyi məsləhət görüb: “Bununla bağlı ekspertizalar aparılır. Vətəndaşlar ət və ət məhsullarını yalnız baytarlıq ekspertizasından keçmiş ətləri alsınlar. Bunun üçün satıcıdan baytarlıq sənədini tələb etsinlər. Baytarlıq ekspertizasından keçməyən ətlərin satılması inzibati məsuliyyət yaradır. Bununla bağlı cərimə sanksiyası tətbiq edilir".
15550