“Ayravani, ayravani, çandirika”
Taksidən ayağımı yerə atar – atmaz uğultu qopdu. Qeyri ixtiyari gözlərimi yumdum. İnsan dediyin belədir, ömür boyu qəhrəman olmaq istəyir, fürsət düşəndə də birinci gözü qapanır. Ömrün ən maraqlı anlarını gözü yumulu yaşayıb gedirik.
Uğultu artdı, müvazinətimi itirdim, hansısa bir qüvvə məni kosmik surətlə aparırdı, hətta bir necə dəfə fırlandığımı da hiss elədim. Bir neçə saniyədən sonra uğultu qəfil kəsdi, məni uçuran surət də yoxa çıxdı və gözlərimi açanda özümü nəhəng, sonsuzluğadək ağaran bir sarayda gördüm.
Şübhəsiz, GƏLƏCƏKDƏYƏM! Ətrafım da insanla dolu. Bir qadın deyinirdi. Düşündüm, “Yazıq kişilər, qadınlar keçmişdə olduğu kimi gələcəkdə də deyinəcək”. O deyirdi: “Buna bax e, belə hava olar? Külək az qalır adamı apara!”
Külək imiş? Elə bununla da günün sehri dağıldı. XXI əsrdəyəm, Bakıda, Heydər Əliyev Mərkəzində, hətta ABŞ-ın Kosmik və Raket Mərkəzinin “Kosmosa səyahət” sərgisinin dünya premyerasının açılışında.
Bu qadın deyinməsə hər şey o qədər yaxşı gedirdi ki… Mənim dövrümün uşaqları heç olmasa bircə dəfə məlum filmdəki Rəşidin, Zərifənin yerində olmaq istəyirdilər. Elə “gələcək”, “kosmos”, “kommunizm ” arzulayaraq böyümək istəyirdilər ki, “yenidənqurma”, “müharibə” arzularımızın ortasına raket kimi düşdü – Tappıltıyla! Guppultuyla! Şappıltıyla! Biz də yuxarıları unudub, aşağılarla əlləşməyə, ayı unudub, yerdə özümüzə bir gün ağlamağa başladıq.
Rəsmi hissə bitər bitməz “Kosmosa səyahət” başlayır. Ətrafımdakı insanların söhbətlərindən qırıq – qırıq sözlər eşidirəm: “Rəşid”, “Zərifə”, “Sehrli xalat”. İndi hiss eləyirəm ki, tanımadığın insanlarla nə zamansa ortaq arzunun olması çox qəribə duyğudur. Bu duyğu onlarla aranda əcaib doğmalıq yaradır. Əmin olursan ki, yanından keçən bığlı – saqqallı kişilər evdə təkliyə çəkilib, analarının xalatlarında “Ayravani, ayravani, çandrika! Kintamani, kintamani, işvara!” qışqırıblar…
Biz başqa gələcəyə ümid edirdik, ağlımıza da gəlməzdi ki, indi qəhrəmanlıq çoxlu pambıq yığmaqdırsa, gələcəkdə çoxlu “like” yığmaq olacaq.
O naməlum insanlarla bizi bir – birimizə eyni uşaqlıq arzuları bağlayırdı. Hamımız kommunizmin məhz onun quracağına, kosmosa məhz onun uçacağına – gələcəksiz gələcəyə ümid eləyərək böyüyürdük. Hamımız qəhrəman olacağımıza inanırdıq. Bircə sinfin iki alanlarının belə arzuları olmurdu, onların da çoxu müharibədə şəhid oldu…
Keçmişdən bu qədər…
Döşəmədə yazılıb işarələnən istiqamətə doğru gedirik. Yüzədək eksponat var. Bütün bunlar kosmosla yarım əsrlik tanışlıq müddətindəki yenilikləri əks etdirir. Yaranmasına minlərlə ömrün, beynin, əməyin sərf olunduğu, bugünkü sərgidə isə əlçatan bir detal kimi görünən qurğulara baxanda istər – istəməz kosmosa uçmağın o qədər də çətin olmadığını düşünürsən. Əlbəttə, çətin deyil. İlləri “Ələm uçurmaq”lara sərf eləməsək, raket uçurardıq.
Ziyarətçilər iki yaş qrupuna bölünürlər. Gənclər və orta yaşlılar. Orta yaşlı insanlar eksponatlar haqda ətraflı məlumat yazılan lövhənin qarşısında xeyli dayanıb, eksponata baxır, yenidən lövhəni oxuyur, yenə eksponata dönürdülər…
Gənclərin işi isə çətin idi. Bütün eksponatlarla tək – tək şəkil çəkdirirdilər! Məlumat lövhələrinin qarşısında növbə olmadığı halda, kosmik stansiyalar, kosmosa gedib – gəlmiş və digər planetlərdən gətirilmiş orijinal nümunələrin, müxtəlif peyklərin hissələrinin, onların maketlərinin, kosmonavt geyimlərinin, meteoritlərin qarşısında böyük növbə var idi. Şəkil çəkdirmək növbəsi. Budur bu gəncliklə o gəncliyin arasındakı fərq. Onlar özləri kosmosa uçub bəyəniləcəkdilər, bunlar isə maketlə şəkil çəkdirib “Focabook”da bəyəniləcəklər. Bu gəncliyin arzuları daha əlçatan, daha realdır. Hədəflər səndən ay qədər uzaq olmayanda ona çatırsan da, ötüb keçirsən də… Bu gəncliyin yerində olmağı çox istədim. Ona görə də telefonumu götürüb, başladım şəkillər çəkməyə.
Zatən adam fürsətçi olmaq istəyəndə fürsət düşmür. İndi fürsətdir, yoxsa Yuri Qaqarinin skafandrını harda görmək olar? Çox oxlu təlim qurğusunda təlim keçmək imkanını harda əldə etmək olar? Dörd milyard yaşı olan qaya nümunəsinə, meteroidlərə, başqa planetlərdən gətirilmiş nümunələrə harda toxunmaq olar? Özünü “Mir” kosmik stansiyasının içində harda hiss eləyə bilərsən? Fəzadakı əmanətimiz – İlk Milli Peykimizlə (Nə olsun ki, maketidir?) harda qucaq – qucağa şəkil çəkdirə bilərsən?
Kosmik gəmidəki təlim velosipedinə baxıb orda da hərəkət vacibdirsə, biz yerdə niyə hərəkət eləməyək düşünərək, “səhərdən idmanımı bərpa edəcəm” deyirsən.
Kosmonovtların nə yeyib, nə içdiyini görəndə başa düşürsən ki, niyə oralar bizim insan üçün deyil. Bizim bir kişinin bir öynə yeməyi bütün heyətin azuqəsidir.
1985 – ci ildə, kosmik gəminin bortunda nə olsa yaxşıdır? Coca - Cola!
İnsanların başı kosmik gəmilərdə şəkil çəkdirməyə qarışanda tez bir meteroidə yaxınlaşıb, əllərimlə toxunub, arzu tuturam. Birdən Dan Braunun “Yalan nöqtəsi”ndəki məşhur meteroid yadıma düşür və arzularımı geri alıram…
Aya uçuram, skafandr geyinib şəkil çəkdirirəm, “İnstagram”a yükləyirəm və ilk şərh: “Zərifə!”
Eh, yer üzündə bu qədər gözəllik, üstəlik də kino deyilən möcüzə olduğu halda, bu amerikalılar kosmosda nə axtarırlar axı?
Heydər Əliyev Mərkəzindən çıxan kimi bayaqkı uğultu başladı… Gözlərimi yumdum… Kosmik surət məni fırlatdı, fırlatdı…
Davamını özünüz bilirsiz…